isaznow.com
Az Iw En Ru

Azərbaycan-Qazaxıstan əlaqələri inkişafının keyfiyyətcə yeni mərhələsindədir

Bu gün çox yüksək səviyyədə olan Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını dahi
şəxsiyyət Heydər Əliyevin həyata keçirmiş olduğu düşünülmüş siyasət təşkil edir. Eyni zamanda,
xalqlarımızın eyni soy-kökə məxsus olmaları ölkələrimizin münasibətlərini möhkəmləndirən başlıca
amillərdəndir. Qazaxıstanda da Ulu Öndər Heydər Əliyevi insanlar dərin hörmətlə xatırlayır və
ölkələrimizin yüksək əlaqələrə malik olmasında dahi şəxsiyyətin danılmaz xidmətlərinin olduğunu
bilirlər. Astanada Ulu Öndərin adına küçənin verilməsi bu deyilənlərə bariz sübutdur. Prezident cənab
İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı Astanada Heydər Əliyev küçəsinin
təntənəli açılış mərasimi də keçirildi. Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin
açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun,
qardaşlığın əlamətidir.
Dahi şəxsiyyətin adını daşıyan küçənin açılış mərasində Prezident cənab İlham Əliyev Ulu Öndər
haqqında xatirələrini bölüşərkən bildirdi ki, Heydər Əliyev ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik
edib. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin
qarşısı alındı. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam
sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Məhz Ulu Öndər Heydər
Əliyevin Prezident vəzifəsində olduğu 10 il - 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın
gələcək sıçrayışı üçün təməlin qoyulması dövrü oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi
Ulu Öndərin əsas vəsiyyəti idi və artıq bu vəsiyyət yerinə yetirilib. Dahi şəxsiyyət Heydər Əliyev hər
zaman türk dünyasını daha sıx birləşdirmək üçün də əlindən gələni edirdi. Bu gün Ulu Öndərin bu
arzusu da təmin edilib və beynəlxalq arenada böyük nüfuz sahibi olan Türk Dövlətləri Təşkilatı
yaradılıb. Təşkilatın əsas üzvlərindən biri də məhz ölkəmizlə yüksək dostluq münasibətləri olan
Qazaxıstandır. Prezident cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı imzalanan yeddi adda sənəd isə
ölkələrimiz arasında olan əlaqələri daha da möhkəmləndirəcəkdir. Bundan sonra da ölkələrimiz
arasında müxtəlif sahələri əhatə edəcək münasibətlər daha da inkişaf edəcək və iqtisadi imkanların
artmasında əlavə zəmin yaradacaqdır.
Bu gün Azərbaycan və Qazaxıstan arasında heç bir sahədə fikir ayrılığı yoxdur, əksinə hər bir
məsələdə ölkələrimizin mövqeyi üst-üstə düşür. Azərbaycan və Qazaxıstan strateji tərəfdaş və müttəfiq
ölkələrdir. Qazaxıstan ölkəmizin haqq işini yekdilliklə dəstəkləyən ölkələrdən biridir. Füzuli şəhərində
Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması Qazaxıstanın ölkəmizə hədiyyəsi, Qarabağın
yenidən qurulmasına isə mühüm töhfəsidir. Bu eyni zamanda qardaşlığın, humanitar əməkdaşlığın
bariz nümunəsdir.
Azərbaycan-Qazaxıstan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir.
Ölkələrəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarda birlikdə təmsil olunur və bir-birini yekdilliklə
dəstəkləyirlər. Bu siyasi xətt gəlcəkdə də davam etdiriləcək, ölkələrimiz bir-birinin maraqlarını
müdafiə edəcəklər.
Ölkələrimizin nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə də bağlı böyük planları var. Bu
sahədə həm ölkəmizin, həm də Qazaxıstanın geniş potensialı var. Mövcud imkanlardan istifadə edərək
ölkələrimiz arasında yük axını birləşdiriləcək və həcmi artırılacaq, nəticədə tranzit potensialı
yüksəldiləcək. Bu isə öz növbəsində ölkələrimizin iqtisadi-ticari münasibətlərinin inkişafında mühüm
rol oynayacaq. Həmçinin region ölkələri də bu münasibətlərdən dolayı yararlana biləcək ki, bununla da
regionun iqtisadi imkanları daha da inkişaf etmiş olacaq.
Lalə Musayeva,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin baş məsləhətçisi


05:49 14.04.2023