

Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və
hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə
güclənməsinə mühüm təsir göstərməkdədir. İki dövlət arasında ən müxtəlif sahələrə dair
imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin
yaratmışdır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə
əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.
Hər iki xalqı birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin
qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Son 20 ildə ümumtürk birliyinin möhkəmləndirilməsini
xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev Orta
Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Azərbaycanın
Qazaxıstanla münasibətlərinin ildən-ilə inkişaf etməsi deyilənlərə əyani misal ola bilər.
Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə
üçün tarixi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır. Səfərin zəngin gündəliyi, imzalanmış
sənədlər, onların məzmunu, həmçinin, hər iki liderin bəyanatları Azərbaycan-Qazaxıstan
münasibətlərinin gələcəkdə daha da güclənəcəyini, tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə
çatacağını göstərir. Bu, eyni zamanda qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin
təsdiqidir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Ümummilli
lider Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Astanada Heydər Əliyev küçəsinin təntənəli
açılış mərasimi, Prezident Kasım-Jomart Kemeleviyin Ulu öndər barədə fikirləri həqiqətən də
qardaş ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin
olduğunu nümayiş etdirir.
Qazaxıstan Qarabağ məsələsində də ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin
haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad
edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq
Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasında əsl dostluğun, qardaşlığın rəmzidir.
Bunların hamısı onu göstərir ki, Türkiyədən sonra bizə yaxın olan türk dövlətləri arasında
Qazaxıstanın xüsusi yeri var və gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək, Azərbaycanla
Qazaxıstan arasında inkişafa doğru böyük bir addım atılacaq.
Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq
əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası
münasibətlərin inkişafında öz sözünü deyir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya
miqyasında artan nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu
oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar
əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan
əlaqələri son illərdə daha da inkişaf etmişdir.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi