

Bu il Azərbaycanda oftamologiya elminin inkişafında müstəsna xidmətləri olan, Azərbaycanın
əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, böyük qəlbli insan, nəcib qadın Zərifə xanım
Əliyevanın anadan olmasının 100 illiyi tamam olur.
Öz əməli fəaliyyəti ilə xalqımızın qəlbində taxt qurmuşZərifə xanımın oftalmologiya elminin
inkişafında misilsiz xidmətləri danılmazdır. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış
traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin
öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox
sanballı tədqiqatlar aparmış, gəldiyi qənaətlər və nəticələr böyük uğurlara yol açmışdır. O, elm
sahəsində elə bir yüksək zirvədədir ki, zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir.
Zərifə Əliyevanın 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi
dəyərli həkimin oftalmologiya elminin zirvəsində olmasının təsdiqi oldu. O həm də keçmiş SSRİ-də ilk
qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademiki Aberbax mükafatına layiq görüldü.
Bunlar onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai
fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi.
Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, aftalmoloq Zərifə Əliyeva ictimai işlərdə də
fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə
Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi
Cəmiyyəti İdarə Heyətinin üzvü olub. İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın
peşəsinə münasibətində də özünü aydın göstərirdi.
Müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lider
mövqeyinə yüksəlmiş Heydər Əliyev bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar
yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı. O, bu möhtəşəm
missiyanı öz zərif, ancaq dəyanətli çiyinlərində ömür boyu sonsuz qürurla, tükənməz fərəhlə daşıdı.
Bu gün Zərifə Əliyevanın adı Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir.
Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı
ilə əbədiləşir. O, tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşi kimi səciyyələndirilir. Xalqımız
öz vətənpərvər, istedadlı, nəcib qızının müqəddəs xatirəsini həmişə əziz tutur. Bu, böyük xalq
məhəbbətinin ifadəsidir. İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə bu məhəbbət xalqın ürəyində
bir sevgi abidəsi kimi ucalacaq.
Rauf Zeynalov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecində Qiyabi şöbənin müdiri