isaznow.com
Az Iw En Ru

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilir

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım
Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı
nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini
təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər
bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları
üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə
çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır,
bərq vurur. Zərifə Əziz qızının yaradıcı həyatının ana xəttini, heç şübhəsiz ki, onun
oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ömrünü oftalmologiyaya həsr
etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi
deyil ki, səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən
oftalmologiya sahəsinə maraq göstərmişdir. Zərifə Əziz qızının yaradıcı taleyi elə gətirib
ki, seçdiyi sənətdə ilk addımlarını atdığı gündən ömrünün sonunadək Moskvada
yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə sıx
bağlı olub.
Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli
oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd
olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər
planını hazırlayaraq həyata keçirir. İllər ötsə də Zərifə xanımın xidmətlərini xalqımız hər
zaman xatırlayacaqdır.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” portalının rəhbəri


15:40 12.04.2023