isaznow.com
Az Iw En Ru

Akademik Zərifə Əliyeva-100

Prezident İlham Əliyev: “Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi”
Azərbaycanda ötən əsrin birinci yarısına qədər tibbin bir çox sahələri kimi oftalmologiya sahəsi zəif inkişaf
etdiyindən insanlar göz xəstəliklərinin terapiyasından əziyyət çəkirdilər. XX əsrin ikinci yarısından başlayaraq
isə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xidmətləri sayəsində ölkəmizdə
oftalmologiya elmi və göz xəstəliklərinin tədqiqatları inkişaf edən sahələrdən birinə çevrilmişdi. Xüsusən, XX
əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan
traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv
mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət
daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin
təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara
gedir, həkim-oftalmoloqlara məruzələr oxuyub.
Onun bu əməyi nəticəsiz qalmayıb. Azərbaycanda bu xəstəlikldən əziyyət çəkən yüzlərlə insan şəfa
tapıb. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların
nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə
müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər
namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq
edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Azərbaycanda oftalmologiya elminin indiki inkişaf səviyyəsinə çatması akademik Zərifə Əliyevanın
zamanında bünövrəsini qoyduğu bir sıra elmi tədqiqatların bəhrəsinin nəticəsidir. O, özü elmi tədqiqatlar
aparmaqla yanaşı, bu sahə üzrə yeni kadrların hazırlanması istiqamətində də əzmkarcasına çalışımışdır. Zərifə
Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir.
Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə
xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç
zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək
vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal
həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Hazırda akademik Zərifə Əliyeva nəinki öz həmkarları, ümumiyyətlə Azərbaycan ictimaiyyəti tərəfindən
görkəmli oftalmoloq, nəcib Azərbaycan xanımı olaraq hörmətlə xatırlanır. Onun anadan olmasının 100 illiyi
ölkəmizdə yükəsk səviyyədə qeyd olunur. Yeri gəlmişkən, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər
göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını
təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 3 noyabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Sərəncamda da qeyd olunduğu kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı
ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Bu sənədə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə
birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir. Artıq
Azərbaycanın elm və təhsil müəssisələrində, səhiyyə sistemində akademik Zərifə Əliyeva yubileyi münasibəti ilə
müxtəlif səpkili tədbirlər keçirilir.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını
dəyişib. Prezident İlham Əliyev anası Zərifə xanımın ömrünün son günlərini belə xatırlayıb: “Bizimlə keçirdiyi
son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü
danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz
qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla
əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər
şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”.
Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün
dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək
Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu gün istər dövlət və ictimayyət nümayəndələri, istərsə də ölkəmizə gələn
rəsmi qonaqlar Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevlə
bərabər və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini anır, məzarı önünə tər çiçəklər
düzürlər.
Allah hər ikisinə rəhmət etsin!
Ənvər Lümanov,
Sabirabad Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru


06:34 12.04.2023