

Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının
100 il tamam olur. Zərifə xanımın keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən
Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva özünün gözəl
insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Onun ömür yolu parlaq
səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı
xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin
nurlu çöhrəsi canlanır.
Zərifə xanım Əliyeva həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə
addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və
fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək
mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. O, Azərbaycan Prezidenti İlham Əliyev kimi dahi
şəxsiyyəti dünyaya gətirən, tərbiyə edən, layiqli vətəndaş kimi yetişdirən anadır. Eyni zamanda, Zərifə
xanım Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr verib. Sıravi həkimlikdən akademikliyə
qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir
xidməti yüksəkixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz
tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb.
Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat laboratoriyasının
yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Gözün zədələnməsinin profilaktikası,
görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam
etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada
yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi.
Müəssisədə fəaliyyət göstərən bu laboratoriya təkcə kondisionerlər zavodunun deyil, həmçinin həmin
vaxtlarda paytaxtımızın sənaye mərkəzi sayılan Nərimanov rayonunda yerləşən digər zavod və
fabriklərin əməkçilərinin xidmətində idi. Zərifə xanım və onun rəhbərlik etdiyi kollektiv yüzlərlə
əməkçinin gözlərini müalicə edib və onların gözlərinə sözün əsi mənasında nuru qaytarıb.
Zavodda çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb olunurdu.
Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını
çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Bu baxımdan hamı onu qadınların
hamisi adlandırırdı. Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini söyləyənlərin ilk sözü bu
olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi.
Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12
səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada
tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə
araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl
Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir kamillik mücəssəməsidir.
Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti görkəmli alimin tibb elminə verdiyi
töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır.
Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi
ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad olunur.
Əlişirin Əliyev,
Sabirabad rayon Mərkəzi Poliklinika şöbəsinin müdiri