

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş və səsvermə hüququna malik olan
vətəndaşların 74.3 % iştirak etdiyi sayca 8-ci rəsmi seçki olan növbədənkənar prezident seçkilərində
Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 %-nin səsini qazanan Yeni Azərbaycan
Partiyasının bu seçkilərdə namizədi, partiyanın sədri cənab İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi. Bununla da Azərbaycan xalqı növbəti dəfə öz səsini ölkədə sabitliyin qorunmasına
verərək Heydər Əliyevin siyasi kursunu bir daha dəstəklədi.
İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyevin daim milli və dövləti
maraqlardan çıxış edərək yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf
edir. Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət
quruculuğu prosesi yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və
xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir.
Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli,
Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir və bu da xalq
tərəfindən dəstəklənir.
İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi illərə nəzər salanda bütün sahələrdə nə
qədər böyük inkişafın getdiyinə əmin oluruq. Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat
sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi
yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə,
strateji valyuta ehtiyatları 26.6 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə
artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal
gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə
ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi
44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illərdə
maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb və 640-dan çox
xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.
Prezident İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə Azərbaycanın siyasi,
iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən
əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin
inkişafına da təsir göstərib. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu.
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi
hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən
güclü 50 ordusu sırasında yer alib.
Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal
altında olan torpaqlarımızın düşməndən azad edilməsi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən
müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində
Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin
nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və
müzəffər xalq kimi tanıtdı.
Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi.
Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsərinə çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri
kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və
kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə
qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə
deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.
Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə bütün sahələrdə böyük uğurlara nail
olub. Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı
dəstəkləyən iqtisadi artım əldə edilib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri
olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15%,
qeyri-neft-qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft-qaz
ixracının 78,3% artmasına nail olunub.
Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb və ölkə iqtisadiyyatı xarici
təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə
qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə
makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv
iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı
qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur
ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.
Bir sözlə, ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişaf davam edir.
Nuridə Paşayeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi