

Azərbaycanın xarici siyasət kursu qonşularla, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla sıx
əməkdaşlıq qurmaq və münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək kimi
fundamental prinsiplərə əsaslanır. Daim milli maraqlardan çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq
hüquqa, tərəfdaşlıq münasibətlərindən irəli gələn öhdəliklərə böyük hörmətlə yanaşır. Bu baxımdan
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma
müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və
ümumi səylər göstərməyi tələb edir. Bu kontekstdə Azərbaycanın Tacikistanla münasibətlərinin dərinləşməsi və
yeni istiqamətləri əhatə etməsi də diqqətəlayiq haldır.
Daim bir-birinə xoş məram nümayiş etdirən Azərbaycanla Tacikistan arasında münasibətlərin yüksələn
xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi
münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. İndiyədək Azərbaycan Prezidenti və qardaş
ölkənin Prezidenti istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə çoxsaylı görüşlər
keçiriblər. Belə görüşlərdə bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan
arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da
dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Prezident İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident
Emoməli Rəhmonla aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da
şaxələndirilməsi üçün real zəmin yaratdı.
Ümumiyyətlə, Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq
telləri bağlayır. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi
Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan
Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və
Azərbaycan arasında ciddi əlaqələr var. Digər tərəfdən Tacikistan Əfqanıstanla sərhəddə yerləşir. Bu baxımdan
da Tacikistan Mərkəzi Asiya istiqamətində terrorçuluğun, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan qrupların və mütəşəkkil cinayətkar qruplaşmaların Cənubi Qafqaz, MDB coğrafiyasına yönəlməsinin
qarşısını alan ölkələrdən biridir. Azərbaycan Prezidentinin dost ölkəyə dövlət səfəri və əldə edilən razılaşmalar
isə inkişaf etməkdə olan münasibətləri daha da zənginləşdirəcək.
Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə
təsadüf edən dövlət səfəri, həmçinin prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bir-birlərinə
xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən
məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin
möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-
energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətlərinə önəm verilmiş, regional və beynəlxalq terrorizmə,
ekstremizmə narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı
mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu bir daha ifadə
edilmişdir.
Tacikistan dövlət başçısının Bakı səfəri və səfər zamanı səsləndirilən fikirlər göstərdi ki, Tacikistan
Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinə
maraqlıdır. Buna görə də Tacikistanın gələcəkdə Bakı–Tiflis–Qars dəmir yolu xəttinə qoşulması mümkündür.
Tərəflər arasında müzakirə olunan məsələlərdən biri də məhz bu idi.
Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatla çıxış edərək bildirdi ki, Tacikistan Prezidentinin
Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir: “Biz həm Tacikistanda, həm
Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də
həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin
müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir”. Öz növbəsində Tacikistan
Prezidenti Emoməli Rəhmon da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu
ifadə etdi.
Beləliklə, Tacikistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlarda hər iki tərəfdən
bundan sonra əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsinə güclü siyasi iradə nümayiş
etdirildi, mzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa
əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verdi.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri