

Cari il aprel ayının 5-də Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinə
gəlib. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında
diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.
Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər
sahələrdə münasibətlər birləşdirir və Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini
bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında ümumilikdə bir çox
sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası
arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan və Tacikistan
parlamentləri arasında da bu gün sıx əlaqələr mövcuddur.
Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna çox ağır və
çətin günlərdə qədəm qoyublar. Hər iki ölkədə stabillik və əmin-amanlıq bərqarar olduqca əlaqələrin
möhkəmlənməsinə zəmin yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri,
səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə
olduğunu bir daha təsdiqləyir.
Düşənbə şəhərində Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə
görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Dövlət
başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq
münasibətlərini vurğulayıb: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı
məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan
böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm
Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş
qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı
səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail
oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”.
Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət
başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə,
kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə
əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün məhz
nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf
etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha
da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada
əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Məhz bu baxımdan görüşlər çox mühüm xarakter
daşıyır.
Ümidvarıq ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da
gücləndirəcək. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan
Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da
böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın
ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tezliklə tarixi Şuşa şəhəri bütün dünyanın diqqətini cəlb
edən turizm məkanına da çevriləcəkdir.
Oqtay Babayev,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi