isaznow.com
Az Iw En Ru

Tacikistanla Azərbaycanı tarixi dostluq əlaqələri birləşdirir

Son illər Azərbaycanın fəal iştirakçısı və etibarlı tərəfdaş olduğu platformalardan biri olan Orta
Asiya respublikaları ilə münasibətlərin genişləndirilməsi xüsusi diqqət çəkir. Bu il aprelin 5-də
Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri də eyni prosesin tərkib hissəsi kimi əhəmiyyət kəsb
edirdi. İki ölkə münasibətlərinə nəzər salanda aydın şəkildə görünür ki, Azərbaycanla Tacikistan
arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və digər
nüfuzlu qurumlar çərçivəsində sağlam əməkdaşlıq şəraitində mövcud olub. Bu baxımdan iki ölkə
arasında uğurla inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələr indi də diqqəti cəlb edir.
Bu gün Azərbaycanın beynəlxalq arenada mövqeyi, nüfuzlu dünya dövlətləri ilə ikitərəfli
münasibətləri hazırda ən yüksək səviyyədədir. Ölkəmizin iqtisadi potensialı, qlobal enerji
təhlükəsizliyində oynadığı mühüm rol, geosiyasi mövqeyi Azərbaycanı dünyada maraqlı tərəf edib.
Prezident İlham Əliyev tərəfindən birbaşa diqqətdə saxlanılan xarici-iqtisadi siyasət kursu diplomatik
baxımından dövlətin yüksəlişinin təminatçısıdır.
Prezident İlham Əliyev Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında
münasibətlərin daha da inkişafına töhfə vermiş olacaq. Azərbaycanlı həmkarı ilə görüşdə Prezident
Emoməli Rəhmonun “ilk növbədə, BMT-də bir-birimizin namizədliyimizi və təşəbbüslərimizi qarşılıqlı
dəstəkləmək praktikasını davam etdirmək barədə razılığa gəldik” bəyanatı, hesab edirəm, xoş ümid və
niyyətin ifadəsi idi. Bundan başqa, ölkələr arasındakı diplomatik münasibətlərə toxunan Emoməli
Rəhmon otuz il ərzində Tacikistan və Azərbaycan arasında səmərəli nəticələr əldə olunduğunu
vurğulayaraq, bunun xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli və
qarşılıqlı etimada əsaslanan siyasətin fonunda yarandığını bildirdi. Gələn ay xalqımızın görkəmli övladı
Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd olunacağını bildirən Emoməli Rəhmon
Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətini hər zaman səmimiyyətlə xatırladığını söylədi.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə
Tacikistan Prezidentinə təşəkkür edən ölkəmizin başçısı Tacikistanda investisiya layihələrini ciddi
nəzərdən keçirməyə hazır olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev dost Tacikistanın sabitlik
hökm sürən ölkə kimi həm də xarici investisiyaların dövlət tərəfindən qorunduğunu müsbət amil kimi
dəyərləndirdi. Ölkəmizin başçısı hökumətlərarası komissiyanın növbəti iclasının bu il Tacikistanda
keçirilməsi ilə bağlı əldə olunan razılıqdan söhbət açaraq iclasa qədər nəqliyyat-logistika, qarşılıqlı
əlaqələri, investisiya, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilən
bütün tapşırıqların da yerinə yetiriləcəyinə əminliyini və nəticələrin sevindirici olacağını qeyd etdi.
Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə
açmaqla yanaşı, həm də bu günə qədər olan nəticələri bir qədər də yüksəltmiş oldu. Azərbaycanın
regionun lider olmasını nəzərə alsaq, o zaman ölkəmizin Tacikistan üçün də böyük maraq kəsb etdiyi
şübhəsizdir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanan sənədlər və səsləndirilən bəyanatlar onu
göstərdi ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan münasibətlər daha da yüksələn xətt üzrə
inkişaf edəcək. Çünki Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında dünya siyasi düzənində
müttəfiqlik və qarşılıqlı münasibətlərin qorunması üçün götürdüyü öhdəliklərə sadiqliyi ilə ən etibarlı
ölkə imicini qazanıb.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


10:44 09.04.2023