

Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə “Heydər Əliyev İli” çərçivəsində Sabirabad
şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı” günü
- hüquqi yardım aksiyası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək
önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirlərdə Ədliyyə
nazirliyinin işçiləri tərəfindən ədliyyə sahəsində vətəndaşlara göstərilən hüquqi xidmətlər, o
cümlədən insanların rahatlığı üçün tətbiq olunan rəqəmsal innovasiyalar barədə ətraflı
məlumat verilib, milli qanunvericiliyin “e-qanun.az” elektron resursunun mobil tətbiqi, “Mobil
notariat”, “Mobil əhali”, “Elektron məhkəmə”, “ƏN TEZ” xidmət konsepsiyası ilə bağlı
təqdimatlar keçirilərək, onların mahiyyəti və ictimai əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, nazirliyin aidiyyəti məsul şəxslərinin və Milli Məclisin deputatlarının,
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə bölgə vətəndaşlarının, xüsusilə
müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə, o cümlədən nazirliyin ayrı-ayrı
istiqamətləri - icra, penitensiar, bələdiyyə fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirilib, digər
qayğıları ilə maraqlanılıb.
Tədbirlərə dəvət olunmuş Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı tərəfindən
ödənişsiz hüquqi yardım aksiyası keçirilərək, vətəndaşlara zəruri hüquqi xidmətlər göstərilib.
Həmin gün Heydər Əliyev Mərkəzində yeni ailə həyatı quran gənclərin nikahının və yeni
dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyat mərasimləri keçirilib, onlara
müvafiq şəhadətnamələr təqdim edilib.
Yeni ailə quranlar və körpələrin valideynləri bu günün onların həyatında xüsusilə
əlamətdar olduğunu deyiblər. Bildirilib ki, “Heydər Əliyev İli”nə təsadüf edən nikahın və
doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini
həyatlarının ən xoş anları kimi xatırlayacaqlar.