

Cari ilin 28 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim
Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi
nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı qəbulda etdiyi çıxışda deyib: “Laçın rayonu 28 il işğal altında idi və bu işğal
dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf
mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində
60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın
rayonunda olan meşə fondudur”.
Prezident Şuşanın, ondan sonra Laçının işğal altına düşməsinin Azərbaycanda çox ciddi siyasi
böhrana səbəb olduğunu bildirmişdir: “Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat
xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və
bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına
düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında
coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas
şərti olmuşdur”.
Ölkə başçısı çıxışında qərbli ölkələri tənqid edərək bildirib: Xüsusilə bildirməliyəm ki, uzun
illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma
sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz
sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi – müharibədən iki il yarım
keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu
danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın
oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal
dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər.
Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı
çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o
cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst,
rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları
oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə
bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada
başqa iş görə bilərlər.
Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-
Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç
kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana
sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik.
Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və
olacağıq”.
Laçın rayonunun təhlükəsizliyi ilə bağlı atılan addımlardan danışan dövlətimizin başçısı deyib
ki, Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işlərinin başa çatmaq üzrədir:
“Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib
olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq”.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri