

Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr
üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın
rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz
gərçək sahiblərinə qaytarıldı. Üstəlik də bir güllə atmadan, bir itki vermədən. Laçının Azərbaycan
Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. Ölkə başçısının da dediyi kimi
“Dağlıq Qarabağ münaqişəsi” termini artıq arxada qalıb. Bundan sonra bu termindən sadəcə tarix
haqqında danışanda istifadə etmək olar.
Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 01 dekabr tarixində xalqa müraciət etdi. Çıxışı zamanı dövlətimizin başçısı Laçın rayonunun
işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğuladı və bu münasibətlə bütün Azərbaycan
xalqını və o cümlədən laçınlıları təbrik etdi. Ölkə başçısı bildirdi ki, Laçın Azərbaycanın ən böyük
rayonlarından biridir və Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır.
Laçın rayonunun təbii sərvətləri- meşə massivi və çay mənbələri haqqında da geniş məlumat verən ölkə
başçısı bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialının, kənd təsərrüfatının, turizm
potensialının çox böyük olduğunu vurğuladı.
Qeyd edək ki, Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Laçının
əhəmiyyəti bilavasitə ermənilərin “nəfəs borusu” adlandırdıqları və şəhərin içindən keçən Laçın dəhlizi
ilə bağlıdır. Bu dəhliz Ermənistanla Qarabağın dağlıq hissəsini birləşdirən yeganə təchizat və təminat
yoludur. Qeyd edək ki, danışıqlar prosesində də Laçın dəhlizi və Laçın şəhəri hər zaman xüsusi
əhəmiyyətə malik mövzu olmuşdur. Belə ki, ölkə başçısı xalqa müraciətində bu mövzuya toxunmuş və
indiyə qədər cəmiyyətə məlum olmayan bəzi faktları açıqlamışdır. Ölkə başçısı bildirmişdir ki,
danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana
qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, hətta, bütün Laçın rayonunun onlara dəhliz kimi
verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz
qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. Danışıqlar
prosesi ilə bağlı o da vurğulandı ki, Ermənistan tərəfinin mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər,
amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın
müstəqilliyini ya tanımalı, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır. Yəni, Dağlıq Qarabağa
müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq,
ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilmədən. Ancaq
Azərbaycan Respublikasının Prezidenti bununla heç vaxt razılaşmayıb. Ümumiyyətlə, 10 noyabr
razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, eləcə də danışıqlar prosesinin müxtəlif
mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızın
müdafiəsi bizim tam qələbəmizi şərtləndirən ən əsas amillərdən biri olmuşdur.
Orxan Mikayılov,
Sabirabad rayon, Ulacalı kənd sakini