isaznow.com
Az Iw En Ru

Məskunlaşmadan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci dərəcəli vəzifə olmalıdır

Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 28-də Məsim Məmmədovun Prezidentin
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə
əlaqədar onu qəbul edib. Görüşdə ölkə başçısı bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən
sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, yeni təyin olunan
nümayəndəyə müvafiq tapşırıqlar verib.
Görüşdə qeyd edilib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və bu rayonun
çox böyük potensialı vardır. 28 illik işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən
məhv edilib, Laçın rayonunda olan meşə fondunun böyük hissəsi ermənilər tərəfindən məhv edilib,
kəsilib, talanıb, satılıb. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti apararaq
xaricdə yaşamış erməniləri həm Laçın şəhərinə, həm bir neçə kənddə məskunlaşdırıblar. Bu da öz
növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Xüsusi olaraq vurğulanıb ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin
xəyanətinin nəticəsidir. 90-cı illərin əvvəlində AXC-Müsavat cütlüyünün hakimiyyət uğrunda cəhdləri
nəticəsində müdafiəsiz qalan rayon ermənilər tərəfindən işğal edildi və rayonun əhalisi döğma
yurdlarından didərgin düşərək ölkənin müxtəlif rayonlarında məcburu köçkün həyatı yaşamağa məcbur
oldular.
Laçının tam şəkildə geri qaytarılması keçən il avqustun 2-də alternativ yolun çəkilişinin başa
çatması ilə mümkün oldu. Laçın şəhərindən yan keçən yeni yol çəkildi və avqustun 26-da isə
Azərbaycan ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu.
Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata
keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması
aparılır, Göygöl rayonundan  Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.
Hazırda Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux
kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcəkdir. İki il ərzində isə Laçın
rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdirilməsi nəzərdə tutulub. Artıq Güləbird və
Qorçu kəndlərinin Baş planı təsdiqlənib.
Hazırda Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya yenidən bərpa olunur.
Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur,  əsaslı təmir olunur və 30-dan çox ictimai bina
inşa edilir. Bütün bu işlər cari ilin sonuna qədər başa çatdırılacaqdır. Bu gün Laçın şəhərinin bütün
infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar  yenidən qurulur.
Ölkə başçısı öz çıxışında xüsusi vurğulayıb ki, məskunlaşmadan sonra Laçın rayonunda ətraf
mühitin qorunması birinci dərəcəli vəzifə olmalıdır. Gələcəkdə rayonda yeni infrastruktur, yeni iş
yerləri, çox gözəl imkanlar yaradılacaqdır.  Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də
bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan
vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd
təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Gələcəkdə Laçında torpaqların
zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır.
Qeyd edilib ki, ölkəmiz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük
bir enerji mənbəyi yaradacaqdır. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik
stansiyalarının tikintisi sürətlə gedir, 50 meqavatdan çox enerji istehsal edilir. Bütövlükdə isə qarşıya
məqsəd qoyulub  ki, işğaldan azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının
gücü 200 meqavat olsun, gələcəkdə isə bu güc 500 meqavata çatmalıdır. Hənçinin Laçın və Kəlbəcər
rayonlarında böyük külək enerji potensialı vardır və bu potensialdan bölgənin inkişafı üçün istifadə
ediləcəkdir.
Məstalı Nuriyev,
63 saylı Sabirabad birinci Dairə Seçki Komissiyasının sədri


20:34 29.03.2023