isaznow.com
Az Iw En Ru

Yaddaşımızdan silinməyən faciə

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları,
müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında
yaşanan soyqırımı hadisəsidir. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını
silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət ki, Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq
imkanı yarandı.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli
Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara,
həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi, 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində
deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər
uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli
memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir
hissəsini xarabalığa çevirdilər. Ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara
görə, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə
yetirilib. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653
qadın və 965 uşağı öldürdüyü bildirilir. Bakıda bir həftə ərzində 12 mindən çox insan, vəhşicəsinə qətlə
yetirilib. Azərbaycanlıların soyqırımı təkcə Bakı və Şamaxıda deyil, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.
Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət
abidələri dağıdılıb məhv edildi.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-
ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə
minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.
Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar
sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə
çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata
keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox
olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində
yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.
Nəhayət ki, 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsi günlərində Prezidentimiz, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi düşmənimiz üzərində Şanlı
Qələbə qazandı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da düşməni
darmadağın edən ordumuz bütün şəhidlərimizin, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31
mart soyqırım qurbanlarının qisasını aldı. Bu da hər bir Azərbaycanlıda sevinc və fərəf hissi doğurur.
Səbinə İsmayılova,
Sabirabad rayonu, Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzinin müdiri


16:31 30.03.2023