

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət
Mərkəzində 2023-cü il - "Heydər Əliyev ili" çərçivəsində "Heydər Əliyev və Azərbaycançılıq
məfkurəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov,
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin
sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Ramin Məmmədov, YAP Sabirabad rayon
təşkilatının sədri Varis Rüstəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və
təşkilatların kollektivləri, YAP fəalları, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri iştirak
ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış
abidəsi önünə gül dəstələri düzərək, böyük ehtiramla yad ediblər.
Mədəniyyət Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib,
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən
övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin
Cabbarov bildirib ki, azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik
azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə
vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi
dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq
Azərbaycana mənən və fiziki bağlı olan, onun nüfuzunu uca tutan hər bir insan azərbaycançılıq
ideologiyasının yaşadanına çevrilir. Vurğulanıb ki, Ulu Öndərin yürütdüyü siyasət nəticəsində
azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilib.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin
Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında qeyd etdi ki, Ümummilli Lider
Heydər Əliyev ağıllı, bilikli, güclü, öz dövlətini sevən, onu qorumağı, yaşatmağı və bütün
dünyada layiqincə təmsil etməyi bacaran, milli adət-ənənələrinə sadiq olan, ana dilini, milli
mədəniyyətimizi dərindən öyrənən, eyni zamanda, bəşəri dəyərləri mənimsəyən bir gənclik
yetişdirmək istəyirdi. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam
və inkişaf etdirilməsi nəticəsində belə bir nəsil yetişdi və Ali Baş Komandanın rəhbərliyi altında
44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi.
Digər natiqlərin çıxışlarında vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev müasir
azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-
etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki, azərbaycançılıq ideologiyası məhz Ulu
Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və
müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Sonda “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunmuşdur.