

Dövlət başçısı bildirib ki, Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər
zəlzələ bölgəsinə göndərilib. “Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri
arasında birinci olub. Xilasedicilər və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb.
Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə
tibbi xidmət göstərib”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Bbu günə qədər 45 milyon ABŞ dollarından
artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Bununla yanaşı, 5300 ton humanitar
yardım çatdırılıb.
Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin
və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə
vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi vurğulanıb.Dövlətimizin başçısının Türkiyənin
Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan
dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması barədə fikirləri oxuculara təqdim edilib.
Yazıda Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab
verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”, – sözlərinə yer verilib.
Azərbaycan Prezidentinin Türkiyə dövlətinin operativ və çevik addımlarının insan amilinin Türkiyə
hökuməti üçün əsas məsələ olmasını göstərməsi və qardaş ölkənin gücünü bütün dünyaya bir daha nümayiş
etdirməsi barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb. Dövlətimizin başçısının Türkiyə səfirliyini ziyarət
etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Yazıda Prezident İlham Əliyevin “Azərbaycan
xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni,
kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözləri
xüsusi qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin
fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və
əlində olan bütün imkanlarla yardım etməyə çalışır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ
bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verdiyini yazıb. Qeyd olunub ki, Mehriban xanım
Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları,
oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil
olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar
yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş
vətəndaşlara çatdırılacaq.
Türkiyə KİV-lərində yer alan məqalələrdə azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarında
uğurla çalışdıqları vurğulanıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş
vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam
etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində dağıntılar altından
3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Məqalədə
Azərbaycan dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyi qeyd olunub.
Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər olub. Azərbaycanda başlanan yardım
kampaniyası barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə axın edərək yorğan, qızdırıcı,
geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirdikləri bildirilib. Sadə vətəndaşların bu çətin gündə qardaş
türk xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb.Humanitar yardım
daşıyan 13 yük avtomobilinin fevralın 8-də səhər saatlarında Bakıdan Türkiyəyə yola düşdüyü bildirilib. Bu
humanitar yardıma 260 çadır, 300 çarpayı, 2 böyük generator, 8 min geyim, 20 min cüt corab, 350 masa, 1000
stul və 5 min dəsmal daxildir.
“Azərbaycan xalqının Türkiyəyə yardım səfərbərliyi davam edir” sərlövhəli xəbərdə bildirilir ki, Azərbaycan
dövləti bu günə qədər Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım göndərib. Zəlzələ
bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət
göstərir. Azərbaycan Müdafiə Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət edir.
Dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak
etdikləri, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə
həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırıldığı
qeyd olunub. Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında olduqlarını ifadə etmələri,
bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri xüsusi vurğulanıb.
Sakit Niyazov,
Sabirabad rayonu Şıx Salahlı kəndi, gənc sahibkar