isaznow.com
Az Iw En Ru

Azərbaycan-Türkiyə birliyi bütün dünya üçün nümunədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Belə ki, daha əvvəl
Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə
əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi
təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı
müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı
dəstəyin və hörmətin bariz nümunəsidir.
Görüşdə Türk Dövlətləri Təşkilatının sammitlərinin əhəmiyyətindən bəhs edilib, bu toplantının
Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi
vurğulanıb. Görüşdə habelə, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi
sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev deyib ki, Azərbaycan hökuməti və xalqı
zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub.
“Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə
göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci
olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb.
Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən
artıq şəxsə tibbi xidmət göstərib”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycandan bu günə qədər 45 milyon ABŞ dollarından artıq
vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. “Bununla yanaşı, qardaş
Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də
kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq”, o qeyd edib.
Dövlətimizin başçısı 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə
Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və bu isə bizim əlaqələrimizin rəsmən
müttəfiqlik səviyyəsinə qaldırdığını söylədi.
Prezident İlham Əliyev onu da vurğuladı ki, Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib
Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə
çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər: “Türkiyənin hərbi gücünü,
müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə
davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yükunu olaraq Ankara
Bəyannaməsi imzalanıb.
Oqtay Babayev,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


14:03 23.03.2023