isaznow.com
Az Iw En Ru

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olmuşdur

Cari ilin mart ayının 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri
Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından
mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın genişləndirilməsinə xidmət edən
təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. İlkin zamanda bu tədbirin Şuşada
keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli
zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə “Fəlakət – Fövqəladə halların idarə edilməsi və
humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək
digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu.
Görüş zamanı ölkə başçısı öz çıxışında qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına
səbəb olan güclü zəlzələnin fəsadlarının və bu zaman on minlərlə insanın həyatına son qoyulmasının bizi
olduqca kədərləndirdiyini bildirib. Cənab Prezident qeyd edib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ
baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub. Azərbaycandan
xilasedicilər, tibb personalı və könüllülər də daxil olmaqla 940 nəfər zəlzələ bölgəsinə göndərilib.
Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub.
Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb.
Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən
artıq şəxsə tibbi xidmət göstərib.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur
və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər
humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton
humanitar yardım çatdırılıb.
Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da
gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. 14 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən
dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi
əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə
geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır.
Fövqəladə Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsində
Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Cənab Prezidentin dediyi kimi, Türkiyə son 20 ildə
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi
olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
Prezident İlham Əliyev Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu,
ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. 30 illik
işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən
məqsədli şəkildə dağıdılıb. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin
düşüb. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.
Cənab Prezident Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bəyan
edib. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə
məsuliyyət daşımalıdır. Hazırda ölkəmiz Qarabağın və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma
işləri aparır. Ölkəmiz bu gün sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə
qurur. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı
və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad
etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa
işlərində aktiv iştirak edir. Eləcə də, Özbəkistan və Qazaxıstanın da bu prosesə töhfəsi məmnunluq
doğurur.
Mətanət Məhərrəmova,
Sabirabad rayonu Ulacalı kənd kitabxanasının müdiri


04:02 23.03.2023