

2023-cü il mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü
keçirildi. Dövlətimizin başçısı Fövqəladə Zirvə görüşündə çıxış etdi.
Cənab Prezident İlham Əliyev qardaş Türkiyədə on minlərlə insanın həyatına son qoyan güclü
zəlzələnin fəsadlarından kədərləndiyini, faciə ilə əlaqədar Türkiyə Dövlətinin Başçısına, həlak olanların
ailələrinə və yaxınlarına, qardaş xalqa Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verərək
yaralananlara şəfa dilədi.
Ölkə başçısı Azərbaycan hökumətinin və xalqın zəlzələnin ilk anlarından qardaş Türkiyəyə
humanitar yardım üçün səfərbər olduğunu bildirdi. Kömək məqsədilə Azərbaycandan 940 nəfər,
xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərildi. Cənab Prezident İlham Əliyev
Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olduğunu,
xilasedicilər və həkimlər dağıntılar altından 53 nəfər sağ çıxardığını, 780 nəfərin cəsədi dağıntılar
altında aşkarlandığını, tibb personalın ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdiyini
diqqətə çatdırdı.
Ölkə başçısı kömək məqsədilə maddi yardımdan bəhs edərkən 45 milyon ABŞ dollarından artıq
vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürüldüyünü, Türkiyəyə 5320 ton
humanitar yardım çatdırıldığını, “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim
bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq” deyərək bu qardaşlığı göstərdi.
Cənab Prezident İlham Əliyev 2020-ci ildə İkinci Qarabağ müharibəsini yada salaraq
müharibənin ilk saatlarından sonuna qədər Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatdı. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı
Azərbaycanın yanında olduğunu, müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə
dəstək və təbrik mesajları gəldiyini bildirdi.
Ölkə başçısı Şuşa Bəyannaməsini yada salaraq 2021-ci ilin iyun ayında Şuşa şəhərində Türkiyə
ilə Azərbaycan arasında imzalanmış bu sazişin iki dövlət arasında əlaqələrin müttəfiqlik səviyyəsinə
qaldırıldığını qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında son 20 ildə Cümhurbaşqanı
cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin dünya dövlətləri arasında söz sahibi olmasına,
illərlə qazandığı hərbi gücə, müdafiə sənayesi sahəsində böyük uğurlarına diqqətə çəkdi. Ölkə Başçısı
bildirdi ki, Türk dünyasının gücləndirilməsində böyük xidmətlərinə görə 2022-ci ildə Türk Dövlətləri
Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan
Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru