isaznow.com
Az Iw En Ru

Azərbaycan – Almaniya əlaqələri daha da dərinləşməkdədir

Ölkəmiz tərəfindən Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı
əməkdaşlıq daim inkişaf etdirilir. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın
strateji tərəfdaşlığı haqqında sənədin mövcudluğu onu göstərir ki, Azərbaycan Avropa üçün strateji
əhəmiyyət daşıyan ölkədir. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə
inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12
yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ilin fevralında
qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr
mütəmadi olaraq inkişaf edib.
Prezident İlham Əliyevin cari ilin mart ayının 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə
arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter
Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri
keçirilib, bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil
olunub. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda
lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi
bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rolunu təqdir edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə maraq doğuran bir
məsələni də diqqətə çatdırdı: “Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır. Hazırda Azərbaycan məhdud
imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya
yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon
tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq
və biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət
Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək
genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik”.
Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu
oynayır. Tarixən Azərbaycanın ərazisindən müxtəlif istiqamətlərə işlək karvan yolları olub və bu
yollarla yüklər daşınıb, insanlar səyahətlərə çıxıblar. Lakin bu gün respublikamızın Avrasiyada önəmi
yalnız əlverişli təbii-coğrafi yerləşməsi ilə məhdudlaşmır. Müstəqillik dövründə, xüsusilə də son 20
ildə Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına
yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit
daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm
nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və
Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır.
Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına
və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir.
Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur, dəhlizlərin bir-birinə inteqrasiya
edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır.
Qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlər bir daha onu göstərir ki,
Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır və dövlət başçısının bu səfəri
Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açacaqdır.
         Varis Rüstəmov,
         YAP Sabirabad rayon təşkilatının sədri


00:11 20.03.2023