

Mart ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına
işgüzar səfərə gəlib. Bu səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter
Ştaynmayerlə, Kansler Olaf Şoltsla və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə qarşılıqlı anlaşma,
hörmət və etimad şəraitində keçən görüşləri, iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd
təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi bir
daha Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzunun təsdiqi olmaqla Almaniyanın
Azərbaycanın əhəmiyyətini qəbul etməsidir.
Bir sözlə, Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından
Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən
uğurlu görüşləri bir daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş
etdirmiş oldu.
Martın 14-də Berlində Kansler Olaf Şoltsla birgə keçirilən mətbuat konfransındakı çıxışında
Prezident İlqam Əliyev bildirib ki, “Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki,
Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq
aparılır”.
Qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu sayəsində dünya siyasi
sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni
zamanda, Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm
tərəfdaşa çevirib. Dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan dünyada
çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Berlində keçirdiyi görüşlərdə Dövlət başçısı bildirib ki, bir çox ölkələr artıq Azərbaycandan
elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb: “Lakin Avropada yeni mənbələrdən təbii qaza
olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq”.
Dövlətimizin başçısı 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10
milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsinin
planlaşdırıldığını vurğulayaraq bildirib: “Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki
təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il
yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var”.
Bu gün Azərbaycan neft ölkəsi və eyni zamanda, qaz ixracatçısı kimi də nüfuz qazanır.
Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji
təhlükəsizliyinin təminatçısına çevrildi. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin
də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı.
Dövlət başçısı İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə
qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən
müraciət olunduğunu deyib. Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat
infrastrukturuna tələbatın artdığını qeyd edən dövlətimizin başçısı bildirib: “Ötən il tranzit
yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15
milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Bir sözlə, biz çox ürəkdən çalışırıq və
əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının
artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya
şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar”.
Bir sözlə, enerjiyə olan daxili tələbatını ödəyən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə mütəmadi əlavələr edir və Azərbaycanın malik
olduğu nəhəng enerji resurslarından daha səmərəli istifadə etməsi üçün yeni imkanlar yaranır.
Beləliklə, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında
mühüm faktora çevrilib və Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər
ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaqdır.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru