isaznow.com
Az Iw En Ru

Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir

Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz
üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni
köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda,
digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir.
Onlardan bəzilərinə sonralar dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini
adətlər birləşdirilmiş olur. Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin
ənənələrini yeni dövrə uyğunlaşdırıb dini bayramlar olaraq qəbul etmişlər. Novruzun da rəsmi bayram
kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət
qazandırmağa cəhd göstərilmişdir.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya
tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan
qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək
əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı,
mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu
həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin
olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və
diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz
sırasında Novruz bayramı müstəsna mövqeyə malikdir. Ümummilli lider Heydər Əliyevin
respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə
qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm
etdirmişdir. Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən dövlət başçısı cənab İlham Əliyev öz
fəaliyyətində adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə ehtiram və qayğı ilə yanaşır, milli birlik və
həmrəyliyimizi əks etdirən Novruz bayramı hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və
dəstəyi ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş
Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Beləliklə, bu
bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.
Bu ilki Novruz bayramı xüsusi sevinc və şənliklə qeyd olunan bayramdır. Müzəffər ordumuz Ali
Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərini
məhv edərək qovmuş, torpaqlarımızı düşmən tapdağından azad etmişdir. Şəhidlərimizin qanı bahasına
əldə olunan bu inamlı qələbə hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmişdir. Odur ki, ilk
növbədə bizə bu sevinci bəxş edən Şəhid övladlarımızın, Vətən müharibəsində böyük şücayət göstərən
qazilərimizin qarşısında baş əyib, onların valideynlərini, övladlarını bu əziz bayram münasibətilə təbrik
edirəm.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri


02:39 20.03.2023