

Bakı Qlobal Forumunu tam haqlı olaraq qlobal məsələlərin müzakirə edildiyi əsas məkanlardan
biri adlandırmaq olar. X Bakı Qlobal Forumu həm də ona görə unikaldır ki, o, dünya modelinin əsaslı
şəkildə yenidən qurulması, transformasiyası dövründə, soyuq müharibə başa çatandan sonra Şərq ilə
Qərb arasında ən ciddi qarşıdurma dövründə keçirilir. Azərbaycan bu gün ölkələrin üzləşdiyi iqtisadi,
siyasi və humanitar böhranların aradan qaldırılması üçün qlobal əməkdaşlıq formatlarının təşəbbüskarı
kimi çıxış edir.
Martın 9-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə
başlanmış “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda 61 ölkədən
360 nümayəndə, o cümlədən 4 prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 strukturunun
rəhbərləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak
edir.
Martın 11-dək davam edən Forumda yeni dünya nizamına təhlükə doğuran amillər, o cümlədən
təhlükəsizlik və sülhün təmin edilməsi perspektivləri, qütbləşmiş dünyada sabitliyin bərqərar olması,
onun qlobal sülhə təsiri məsələləri nəzərdən keçirilib, bəşəriyyətin üzləşdiyi təhdidlərin həlli yolları
müzakirə olunub, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, o cümlədən iqlim, nüvə və ərzaq
təhlükəsizliyi kimi məsələlərə toxunulub, postpandemiya dövründə qarşıda duran işlər barədə fikir
mübadiləsi aparılıb. Əsas müzakirə mövzuları arasında yoxsulluğun, qeyri-bərabərliyin, iqlim
böhranının və münaqişələrin simptomu olan miqrasiyanın qarşısının alınması məsələsi də var. Forum
iştirakçıları panel iclaslarında Avropanın gələcəyi barədə fikir mübadiləsi aparıblar.
Öz ölkəsi, öz xalqı haqqında düşünmək, lakin bu halda başqa ölkələrin də inkişafına xidmət edən
təşəbbüslər irəli sürmək – Azərbaycanın lideri İlham Əliyevə xas olan nadir keyfiyyətdir. Azərbaycan
Prezidenti artıq beynəlxalq səviyyədə ədalət uğrunda əsl mübariz kimi tanınıb. Xatırlayaq ki,
Azərbaycan Ermənistanla münaqişənin sülh yolu ilə nizamlanması üçün 30 ilə yaxın müddətdə nə
mümkündürsə etmişdi. Ermənistan öz işğalçı siyasətini davam etdirdiyi, Azərbaycanda isə bir milyona
yaxın qaçqın və məcburi köçkün olduğu bir vaxtda da Bakı sülhdən danışırdı. Təəssüf ki, bu çoxillik
münaqişəyə məhz müharibə yolu ilə nöqtə qoymaq mümkün oldu, lakin müharibədən demək olar ki,
dərhal sonra Bakıda İrəvanla sülh müqaviləsi imzalanmasının vacibliyi, regiondakı bütün ölkələrin
xeyrinə olan layihələri inkişaf etdirməyin zəruri olması barədə danışmağa başladılar. Məhz Azərbaycan
COVID-19-a qarşı mübarizə məqsədilə vaksinlərin ədalətli bölgüsünü tələb edərək, BMT-nin xüsusi
sessiyasının çağırılması ideyasını irəli sürdü. Avropa ölkələri enerji böhranı ilə üzləşəndə Azərbaycan
Avropanın köməyinə gəldi. Bu gün Bakı elə bir məkan rolunda çıxış edir ki, orada ölkələr Ukraynada
müharibə səbəbindən Qərb ilə Rusiya arasında yaranmış ciddi böhranın həllini tapmağa çalışırlar.
Zülfiyyə Abışova,
Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin direktoru