

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının ilk iclasında
söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Dövlətimizin
başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı.
Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və
inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə
xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini vurğulayan cənab Prezident
İlham Əliyev bildirmişdir ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni
qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar
qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da
geniş olmalıdır.
Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına,
beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd etmişdir ki, o təşkilatlarda
ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq.
Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs
vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan
ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini
çıxarırlar, öldürürlər, həbs edirlər.
Eyni zamanda, Azərbaycanda çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan
hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların
yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai
və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət
dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik,
düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.
Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi,
icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin
Milli Məclisin VI çağırışının birinci iclasında bu mövzuya xüsusi diqqət ayırması, islahatların
əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə,
ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla
reallaşdırılacaq.
Zaur Dəmirov,
Sabirabad RİH başçısının Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi