

Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkənin ictimai-siyasi-mədəni həyatının
hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı
islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki,
ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları,
xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik.
Parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait
yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması
islahatlara çox mühüm bir töhfədir. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları
dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.
Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Bu gün
ölkəmizdə bütün sahələrdə islahatlar gedir və eyni zamanda, heç bir dövlət orqanı yenilənmə, islahat
kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu
siyasi-hüquqi, institusional və kadr islahatları daha da intensivləşmişdir.
Ölkə ictimaiyyəti cənab Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən
təşəbbüslərinin şahididir. Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki,
bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Azərbaycanın yeni siyasi konfiqurasiyası
formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən
lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində
qurulacaqdır.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Hazırda ölkəmizin əsas
inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək
standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sosial paket olaraq təqdim olunan
sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm
addımlardandır. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər
bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox
ciddi zərbə vurur.
Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən
böyük uğurlardan biri siyasi sabitlikdir və bunu da əsasında düşünülmüş siyasət dayanır.Məhz buna görə
biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəfli çıxırıq. Azərbaycan sabitlik,
təhlükəsizlik məkanıdır.
Xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən Möhtərəm Prezident İlham
Əliyev cənablarının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq
aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir.
Dövlət başçısının məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi
müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi
strateji proqramlar, Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə
gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə
inamı qat-qat artırmışdır. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Ölkə
ictimaiyyəti Möhtərəm cənab Prezident İlham Əliyevin islahatlar siyasətini yüksək qiymətləndirir.
Məstalı Nuriyev,
63 saylı Sabirabad birinci Dairə Seçki Komissiyasının sədri