isaznow.com
Az Iw En Ru

Azərbaycanın liderlik keyfiyyətlərinin növbəti zirvəsi

Dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama
Hərəkatına Azərbaycan 2011-ci ildə tam hüquqlu üzv kimi qəbul olunub. 2019-cu ildə Azərbaycan
Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Hərəkata sədrliyinə başlayıb və
sonradan bu sədrlik müddəti yekdil qərarla daha bir il də uzadılıb. Qoşulmama Hərəkatına üzvlükdən
qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və
ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq
ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq göstəricisi olub.
Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun
Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli
təklifləri bir daha Azərbaycanın liderlik mövqeyini möhkəmləndirib. Azərbaycan Qoşulmama
Hərəkatının daha gücləndirilməsi, qlobal proseslərdə əhəmiyyətinin və təsirinin artırılması məqsədilə
təşkilat daxilində institusional inkişaf proseslərinə yüksək səviyyədə dəstək verib. Parlament
Şəbəkəsinin və Şuşa Razılaşması əsasında Gənclər Təşkilatının yaradılması Qoşulmama Hərəkatının
daha da güclənməsinə, fəaliyyətini daha sistemli və tarixi varislik prinsipləri əsasında qurmasına əlavə
stimul olacaq. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu dəfə də
Qoşulmama Hərəkatının beynəlxalq təsisat kimi qlobal arenada daha nəzərəçarpan və səmərəli rol
oynaması, eləcə də yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsi istiqamətində yeni
və mühüm təkliflərlə çıxış etməsi də bir daha yüksək diqqətə səbəb olub. Azərbaycan Liderinin Fransanı
Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə
cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması,
həmçinin BMT daxilində aparılmalı olan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının tərkibinin
Qoşulmama Hərəkatı hesabına genişləndirilməsi barədə çağırışı xüsusilə təqdirəlayiq şəkildə qarşılanıb.
Eyni zamanda, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin
yaradılmasını təklif edən Azərbaycan Prezidenti bu dəfə iqlim dəyişikliyindən, su qıtlığından, ərzaq
çatışmazlığından əziyyət çəkən, məcburi miqrasiyaya məruz qalan Afrikanın və inkişaf edən kiçik ada
dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəklənməsi barədə təkliflə çıxış etməsi, xüsusilə də
jest edərək qeyd edilən məqsədlər üçün bu başdan ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində
vəsait ayrıldığını bəyan etməsi, eyni zamanda, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər
Qrupunun yaradılması ideyasını ortaya qoyması bu dəfə də Azərbaycanın və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qlobal proseslərdə liderlik etmək keyfiyyətlərini
isbatlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi Qoşulmama
Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.
Mövcud beynəlxalq təhlükəsizlik arxitekturasının köklü dəyişikliklərlə üzləşdiyi, multilateralizmin
təhlükə altına düşdüyü, beynəlxalq hüququn norma və prinsiplərinin aşındığı bir zamanda dövlət
başçımızın irəli sürdüyü təkliflər qlobal problemlərin həllinə və yeni dünya düzəninin formalaşması
fonunda yeni inkişaf meyllərinin yaranmasına dəstək olacaq.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


17:06 04.03.2023