

Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas
Qrupunun Zirvə görüşündə iştirak edən Ölkə Prezidenti İlham Əliyev öz çıxışında Qoşulmama
Hərəkatının sədri olaraq Azərbaycanın ali məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək
olduğunu bir daha vurğuladı. Qeyd olundu ki, dünyada pandemiyanın başlamasından dərhal sonra
COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı
oldu. Təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan dünya ölkələrini iflic vəziyyətə sala biləcək
özünəqapanma tendensiyasına qarşı çıxaraq 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və
hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması
qərara alınmış və bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə
Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz həmin məlumat
bazasına istinad etmişdir. Azərbaycanın irəli sürdüyü daha bir mühüm təşəbbüs BMT Baş
Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi ilə bağlı oldu ki, bu təklif
də BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. 2020-ci ilin dekabr ayında xüsusi sessiya
keçirildi və 70-dən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu tədbirdə Qoşulmama Hərəkatının
koronavirusla mübarizədə liderliyi qəbul edildi. Təşkilat bütün ölkələr üçün peyvəndlərin ədalətli
bölgüsünü və əlçatanlığını təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT
Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Dövlət başçımızın öz çıxışında
qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər
edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Əlbəttə ki,
pandemiya dövründə Azərbaycanın bilavasitə özünün koronovirusla bağlı digər ölkələrə etdiyi yardımlar
da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, həmin dövrdə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı
ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya
Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dayanıqlı İnkişaf Məqsədləri ilə
bağlı ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, məlumdur ki, bütün dünyada
ərazilərində hərbi münaqişələr baş vermiş, hərbi əməliyyatlar aparılmış bir çox ölkələr minalarla,
partlamamış hərbi sursatlarla çirklənmədən əziyyət çəkirlər. Çox təəssüflər olsun ki, bu gün
Azərbaycanın da adı belə ölkələrin siyahısında ön sıralardadır. Ermənistan Azərbaycan ərazilərini işğal
altında saxladığı 30 ilə yaxın müddət ərzində bu torpaqlarda total minalama həyata keçirmişdir. Hətta bu
gün, münaqişənin başa çatmasından artıq iki ildən çox müddət keçməsinə baxmayaraq ermənilərin
basdırdıqları həmin minaların partlayışlarından dinc Azərbyacan vətəndaşları dünyalarını dəyişirlər.
Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatdığı gündən bəri 300 azərbaycanlı mina
partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Sözsüz ki, azad edilmiş ərazilərin həm də yüksək
sıxlıqla minalanmış olması bu ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin sürətini də
aşağı salır. Eyni səbəbdən keçmiş məcburi köçkünlərin geri dönməsi ləngiyir. Bütün bunlar ölkəmiz
üçün humanitar minatəmizləmənin əhəmiyyətini son dərəcə artırır. Prezident İlham Əliyev öz çıxışında
Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə olduğunu
əsaslandırılmış şəkildə bəyan edərək, Qoşulmama Hərəkatına üzv olan ölkələri Azərbaycanın
minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi təşəbbüsünü dəstəkləməyə
çağırdı. Həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi
sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Minaların
Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini irəli sürdü. Sözsüz ki, belə
bir qurum minalarla çirklənmiş ölkələrin üz-üzə qaldıqları problemin qlobal miqyasda beynəlxalq
təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətli rol oynaya bilər.
Hər zaman olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də Qoşulmama Hərəkatının nüfuzunun
və qlobal proseslərdə rolunun, həmin proseslərə müdaxilə imkanlarının artmasına xidmət edəcək
təşəbbüs irəli sürərək bildirdi ki, BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına
verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Dövlət
başçısı Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz
fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırdı
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru