isaznow.com
Az Iw En Ru

Ölkəmizin Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyəti

Müstəqil Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa böyük hörmətlə yanaşmış, üzərinə
düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirmiş, humanizm, ədalət, bərabərlik prinsiplərini daim
rəhbər tutmuşdur. İstər daxili, istərsə də xarici siyasətdə öz mövqeyini və prinsiplərini qoruyan
dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunmuşdur. Bunun nəticəsidir ki,
ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili
münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada,
ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək
səviyyədədir. 2019-cu ildən etibarən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri kimi mühüm
təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib.  
Dünən 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, həmçinin müxtəlif ölkələrin
yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatının COVİD-19-a qarşı
mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrlik
Azərbaycana bir sıra siyasi və diplomatik üstünlüklər gətirib, bu müddət ərzində təşkilatın fəaliyyətində
böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Belə bir mötəbər quruma rəhbərlik etmək və
dünya ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə
çalışmaq Azərbaycan Prezidentinin humanist, uzaqgörən siyasətinin göstəricisi idi. Bu, həm də
dövlətimizin milliyətindən asılı olmayaraq dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına
öz töhfəsini verdiyinin əyani isbatıdır. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin
təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti
keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə
həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən
dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə
mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd
millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş
Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə
dair qətnamələr qəbul edildi. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
növbəti dəfə keçirilən Zirvə görüşündə bütün bu və digər mühüm məsələlərə toxunuldu və maraqlı
müzakirələr aparıldı. Biz bir daha gördük ki, pandemiyanın ağır faciələrindən qurtulmaq üçün bütün
ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacib idi.
Ölkəmizin Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyətinin nəticəsidir ki, təşkilata
üzv dövlətlərin yekdilliklə səs verməsi nəticəsində Azərbaycanın daha bir il – 2023-cü ilin sonunadək
quruma sədrlik etməsi barədə qərar qəbul olunmuşdur. Məqsəd və məramı  sülh, multilateralizm və
qlobal həmrəyliyin möhkəmləndirilməsi olan qurum bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə
hörmətlə yanaşır,  ölkələrin daxili işlərinə qarışmamaq  prinsiplərini öndə saxlayır.  44 günlük Vətən
müharibəsində  də diqqət çəkən bir məqam Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana
hörmətini, ən əsası ədalətə dəstəklərini nümayiş etdirdi. 
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


01:03 04.03.2023