isaznow.com
Az Iw En Ru

Azərbaycanın növbəti qlobal humanitar çağırışı

Martın 2-də ölkəmizin paytaxtı Bakı şəhərinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı
mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bəşəriyyəti narahat
edən çağırışlara münasibətdə beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə nümayiş
etdirən bir üzvü kimi davranmasının növbəti təzahürüdür.   Azərbaycanın Qoşulmama Hərəkatına
sədrlik etdiyi dönəm təsisatın tarixində ən effektiv və ən məsuliyyətli bir zaman kəsiyi kimi qəbul
olunur.
Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatının təsis olunduğu dövrdən bəri ilk pandemiya
dönəminə təsadüf edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın və Birləşmiş Millətlər
Təşkilatının tarixində ilk dəfə BMT Baş Assambleyasının xüsusi iclasının çağırılıb və  pandemiya ilə
mübarizədə humanizm prinsiplərinin əsas götürülməsi, peyvənd millətçiliyinə son qoyulmasının
zəruriliyinin vurğulanıb. Bununla da Azərbaycan bir sədr ölkə kimi təşkilatın işində öz tarixi
missiyasının öhdəsindən layiqincə gələrək Qoşulmama Hərəkatının gələcək fəaliyyəti üçün nümunə
yaradıb.
Martın 2-də Bakıda keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti cənab İlham
Əliyev qlobal çağırışlara münasibətdə vahid mövqenin nümayiş etdirilib, beynəlxalq münasibətlərdə
ədalət prinsiplərinin əsas götürülməsi, davamlı sülhə və təhlükəsizliyə nail olunması üçün Qoşulmama
Hərəkatı, BMT və digər beynəlxalq təsisatların gələcəyi ilə bağlı baxış bucağına, özündə işlək
mexanizmləri əks etdirən təşəbbüslərinə nəzər salıb.
Yeni dünya düzənində Fransanın müstəmləkəçilik siyasəti xüsusi qeyd edilməlidir. Bu gün
Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə
neokolonializm meyilləri   istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi
əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və
azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq
müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız
soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT
Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə – veto hüququna sahib olması sözügedən
təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır. Bu baxımdan,
Prezident İlham Əliyevin daha əvvəllər də, qeyd  etdiyi kimi, BMT Təhlükəsizlik Şurasında islahatların
aparılması zəruridir və bəşəriyyətin təhlükəsiz gələcəyi bu islahatların sürətindən, effektivliyindən və
ədalət prinsiplərinə söykənməsindən asılıdır. Bu məqsədlə, Azərbaycan Prezidenti BMT Təhlükəsizlik
Şurasının tərkibinin genişlənməsini, təsisatın coğrafi baxımdan daha əhatəli və daha ədalətli olmasını
təklif edir.
Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük beynəlxalq təsisat olmasına baxmayaraq,
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında yer almaması təəssüf doğurur. Dövlətimizin başçısı
bu xüsusda olduqca ədalətli və məsuliyyətin paylaşılmasına xidmət edən təşəbbüs irəli sürdü. Qeyd etdi
ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Təhlükəsizlik Şurasında Afrikaya
da daimi yerlərin verilməsi fikrini dəstəkləməsi sözügedən təsisatda ədalətli, beynəlxalq hüququn norma
və prinsiplərinə söykənən qərarların qəbulu və ayrı-seçkilik etmədən tətbiqi baxımından mühüm
əhəmiyyətə malikdir. Ərazisində yerləşən dövlətlərin sayına görə, Afrika qitəsi dünyada ön sırada
dayanır, amma BMT Təhlükəsizlik Şurasında qitənin bir üzvü belə təsis olunmur.
Bütün bunlar, eyni zamanda, Azərbaycanın torpaqlarının 30 illik işğalı dövründə qarşılaşdığı
ədalətsizliklər BMT Təhlükəsizlik Şurasının qlobal təhlükəsizliyə görə məsuliyyət daşıyan bir təsisat
kimi səmərəli olmadığını sübuta yetirir. Məhz bu aspektdən BMT-də islahatların həyata keçirilməsi
bütün bəşəriyyət üçün həyati əhəmiyyət daşıyır.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən
Zirvə görüşü təkcə pandemiya ilə mübarizədə Azərbaycanın və QH-nin oynadığı rolun önəminin
vurğulanması baxımından deyil, həm də bəşəriyyətin təhlükəsiz gələcəyi naminə səsləndirilən fikirlərin
qlobal əhəmiyyəti baxımından da tarixdə qalacaqdır.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi


21:03 03.03.2023