

Hər bir azərbaycanlının qəlbində yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxan, adı
zaman və məkan hüdudlarını, yaşadığı dövrün sərhədlərini aşan, ideyaları və əməlləri təkcə dünənin
deyil, bu günün və sabahın simasını müəyyənləşdirən misilsiz Öndər, böyük azərbaycanlı, ictimai tarixi
fenomen Heydər Əliyevin ömür yolu, zəngin ictimai siyasi fəaliyyəti müasir tariximizdə mühüm və
şərəfli mərhələni təşkil edir.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi
şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi,
dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində
xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü.
1993-cü il 3 oktyabr tarixində keçirilən seçkilərdə ümummilli lider Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi.
XX əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyəti, heç şübhəsiz, dövlət
müstəqilliyinin bərpası və müasir Azərbaycan dövlətinin yaradılmasıdır. Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Qısa vaxt
ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı. 1993-cü ildən başlayaraq
Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində
inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin
islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan
Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə
milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici
siyasətlə bağlı strateji xətti müəyyən edildi.
Ulu Öndərimiz tufanlı və bəzən ağrı-acılı, siyasi və sosial-iqtisadı təbəddulatlardan çıxararaq sıx
birliyə, iqtisadi yüksəlişə nail oldu, hüququ dövlətin və demokratik cəmiyyətin bünövrəsini qoydu, təbii
sərvətləri zəngin, lakin infrastrukturu olmayan, milli intellektual potensialı dağınıq bir ölkədə möhkəm
özül yaratdı, iqtisadi, elmi-texniki, mədəni resurslarımızı səfərbər edib uzunmüddətli inkişaf
strategiyasını müəyyənləşdirdi, daxili dəyişikliyi uğurla başa çatdıraraq ölkəni dinamik inkişaf yoluna
çıxardı.İstisnasız olaraq son 50 ildə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı
yüksəliş məhz onun adı ilə bağlıdır.
Ulu öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun ictimai,
siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas
prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev
Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların dövlət vəzifələrinə irəli
çəkilməsinə diqqət və qayğı göstərmiş, Azərbaycan qadınının mərdliyini, fədakarlığını, sədaqətini,
ismətini ən ali dəyərlər kimi qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə
sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal
miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının
qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və
əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da
zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması
və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli
Liderimiz Heydər Əliyevin xidmətləridir;
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi
iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu
böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi oldu. Sonradan Heydər
Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi
sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin
müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış,
1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft
kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi qiymət hər zaman diqqət
çəkmişdir. Ulu Öndər qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli
çəkilməsini vacib bilmişdir və Onun qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman
və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi
addımlar olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş
mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı
öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender
proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda yeni
siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmişdir.
Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının
nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın
simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist
Azərbaycan qadını obrazı təqdim olunur.
Millətin məhəbbətini qazanmış Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında
qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Heydar Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru