

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və
prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı
şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Hücum başladıqdan sonra
şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri
tərk etməyə cəhd etmişdir. Şəhəri tərk edən əhali pusquya salınmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında
erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilmiş, ya da əsir götürülmüşdür.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275
sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. 487 nəfər Xocalı sakini şikəst
edilmiş və onlardan 76 nəfəri uşaqlardan ibarət olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-
diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın
boşluğuna süngü ilə vurularaq öldürülmüşdür.
O dəhşətli gecədə tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət
kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, yerlə yeksan edilmiş, xarabalığa çevrilmişdir.
Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində şəhərdə 105 sosial-məişət obyekti, 3200
fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi
tamamilə dağıdılmış, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq
vandallara xas üsullarla dağıdılmış, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün
izlər silinmişdir.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi əlaqədar olaraq Azərbaycan xalqına
müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu.”
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.
Birmənalı şəkildə deyə bilərik ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi,
Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı
faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi
olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə
təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Hazırda
bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və hadisəyə layiqli hüquqi qiymətin verilməsi istiqamətində
tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycan Prezidentinin göstərişi ilə hər il
Xocalı soyqırımının ildönümü ilə bağlı genişmiqyaslı tədbirlər keçirilir. Bu soyqırımını törədənlərin ifşa olunması
və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri
kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: "Xocalı soyqırımını
törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən
çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş,
qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil
mübarizəyə səfərbər etmişdir".
Atalarımızın gözəl bir sözü var: “Nahaq qan yerdə qalmaz!” Bəli, Xocalı faciəsi qurbanlarının qanı yerdə
qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə
yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən
qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı,
şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Xocalı qətliamı erməni xislətinin, erməni vandalizmin nümunəsi olmaqla bərabər, Azərbaycan xalqının
qan yaddaşıdır. İllər ötsə də, əsrlər keçsə də o qətliamda şəhid edilmiş məsum körpələrin, günahsız insanların
faciəsi unudulmayacaq. Bu vəhşiliyə imza atanların və onu icra edənlərin vicdanı isə günahsız insanların qanı ilə
ləkələnmişdir. Tarix heç nəyi unutmur. Əli və ruhu qana batmış cəlladlara qarşı bəşəri nifrət də unudulmayacaq
və onlar daim lənətlə yad ediləcəkdir.
Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru