

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq
hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-
cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan
tutmuşdur. Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş,
1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. Həmin faciəvi
gecədə 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilmişdir ki, onlardan 76 nəfəri uşaq olmuşdur. 8
ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. Erməni
silahlıları Xocalıda dünya tarixində görünməmiş vəhşiliklər törədərək dinc insanları xüsusi qəddarlıqla
qətlə yetirmişlər. Qətlə yetirilən insanlardan 56 nəfəri diri-diri yandırılaraq, başının dərisi soyularaq,
boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq
öldürülmüşdür. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa,
bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı işğalçı və cinayətkar erməni
siyasətinin nəticəsidir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən sistemli
şəkildə tədbirlər həyata keçirilmiş və Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament
aktlarında tanınmışdır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən işlərdən bəhs
edərkən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət”
kampaniyası xüsusilə qeyd olunmalıdır. 2008-ci ildən start verilən “Xocalıya ədalət” beynəlxalq
maarifləndirmə kampaniyası bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və
115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.
“Xocalıya ədalət” kampaniyasının strateji məqsədlərinə Xocalı soyqırımının dünya ictimaiyyəti
tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı
soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi,
vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin
törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, soyqırımı barədə dünya
ictimaiyyətinin məlumatlılığının artırılması kimi məsələlər daxildir.
Bəşər tarixinin əl qanlı cinayətlərindən olan Xocalı soyqırımı haqqında beynəlxalq mətbuatda da
xeyli sayda məlumatlar dərc edilmişdir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin
ifşa olunmasında həmçinin Justice for Khojaly informasiya portalı müstəsna rola malikdir.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı”
abidəsi önündə anım mərasimi keçirilir. Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla
yad edir. Rəşədaətli ordumuz Müəzffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il
Vətən müharibəsində torpaqlarımızı azad etməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və
şəhidlərimizin qanı yerdə qalmadı.
Məhərrəm Pənahov,
Sabirabad Olimpiya İdman Kompleksində məşqçi müəllim