isaznow.com
Az Iw En Ru

Xocalı faciəsi – insanlığa qarşı terror və vəhşilik

Son 200 ildə ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin miqyası, qəddarlığı və
amansızlığı ilə seçilən Xocalı soyqırımından 31 il keçir. Bəşər tarixinin ən faciəli səhifələrindən olan
Xocalı soyqırımı Xatın, Holokost, Xirosima, Nakasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada
dayanır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş
SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib 7
min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdilər. Xocalı soyqırımı zamanı 613 nəfər
öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63
azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq
isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150
nəfərin taleyi indi də məlum deyil.
Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider
Heydər Əliyevin tarixi xidmətləri olub. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir
cinayətdir” deyən Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının
müzakirəsinə həsr olunan xüsusi iclası keçirilib, hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü”
kimi qeyd olunması barədə qərar qəbul edilib.
Prezident İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş,
Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi
qiymətləndirmişdir. Dövlət başçısının Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncamına
əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının otuzuncu
ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin edəcək. Son illər dövlət
başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər
həyata keçirilib. Bakıda, respublikamızın bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və
mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr
ucaldılıb. Bundan başqa Heydər Əliyev Fondu Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Xocalı
soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla
Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş
“Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində çox önəmli addımlar atılır. Bu istiqamətdə
görülən sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika,
Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin
müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. 
Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də
Amerika Birləşmiş Ştatlarının 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi
qiymətləndirərək qətiyyətlə pisləmişlər.
Artıq xalqımız Xocalı soyqırımının ildönümünü qalib dövlətin nümayəndələri kimi anır. Qırx
dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
Azərbaycan Ordusu düşmən üzərində tarixi Qələbə qazanaraq şəhidlərimizin, Xocalının günahsız
qurbanlarının qisasını aldı.
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar


17:18 25.02.2023