

Bütün dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurduğu
münasibətlər Azərbaycanın qlobal arenada mövqeyini getdikcə gücləndirir. Bu gün tək bizim daxil
olduğumuz regionda deyil, bütövlükdə dünyada nəzərdə tutulan layihələrdə Azərbaycan Respublikasının
maraqları və mövqeyi nəzərə alınır. Bu baxımdan Prezident İlham Əliyevin 59-cu Münxen
Təhlükəsizlik Konfransında iştirakı da ölkəmizin xarici siyasət kursunda önəmli yer aldı. Qeyd edək ki,
dünyanı bürüyən münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olunması istiqamətində
Münxen Konfransı vacib platformadır. Bu konfransa ölkəmizin başçısının ali qonaq kimi dəvət olunması
dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı
olduğunun bir daha təsdiqi və sübutudur. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər,
müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul
olunmalıdır.
Dövlətimizin başçısı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş
naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini
xanım Helqa Maria Şmidin iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransının əsas proqramı
çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”adlı plenar iclasda geniş və
məntiqli çıxışı ilə yadda qaldı. Bundan əvvəlki tədbirlərdə olduğu kimi, Prezident İlham Əliyevin
Münxen Təhlükəsizlik Konfransında budəfəki çıxışının da rezonans doğurub.
Debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi
sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi,
tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin
mövqeyinin üstünlüyünü nümayiş etdirdi.
Qeyd edildi ki, Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə
dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə də ölkəmiz Avrasiyada sülhün bərqərar olmasını
istəyir. Öz çıxışında cənab Prezident xususi vurğuladı ki, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb.
Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və
Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu vardır.
Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri
ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox.
Ermənistan rəhbərinin Laçın yolunun blokadası ilə bağlı sözlərinə cavab olaraq cənab Prezident bildirdi
ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-
dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük
avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana
aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim
dayandırmayacaq. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və
buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və ədaləti bərpa etmək,
habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşdü, Vətən müharibəsində 3
min nəfər qurban verməli olduq. Ona görə də heç kim 30 illik işğalı, Livan böyüklüyündə ərazinin
tamamilə xarabalıqlar içində olduğunu unutmamalıdır. Torpağımızın işğalı, bir milyon azərbaycanlını
evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar
qonşularımız tərəfindən edilib və bu danılmaz faktlardır.
Vurğulandı ki, rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara
başlamağa hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli
ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni
hüquq və üstünlüklərdən faydalanırlar.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi