isaznow.com
Az Iw En Ru

Azərbaycan haqqın, ədalətin tərəfdarıdır

Dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu
Münxen Təhlükəsizlik Konfransı bu dəfə də Azərbaycan üçün uğurlu oldu. Konfransda iştirak edən
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya
Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə
də “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları
aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas çıxışlar etməsi növbəti
dəfə dünyanın ölkəmizə olan marağını və Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək
nüfuzunu təsdiq etmiş oldu. Bütövlükdə, konfransın gündəliyini və gedişatını təhlil etdikdə bir daha
əmin oluruq ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.
Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın qlobal enerji siyasətindəki yeri və rolu barədə
növbəti dəfə danışılıb. Azərbaycanın son 1 il ərzində Avropanın enerji təhlükəsizliyi üçün atdığı
addımlar bir daha təqdir edilib. Cənubi Qaz Dəhlizi, TANAP, TAP layihələri, eləcə də
interkonnektorlar, Balkan ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfələr, həmçinin, bərpaolunan
enerji sahəsində Azərbaycanın təşəbbüsləri alqışlanıb və yüksək dəyərləndirilib. Artıq reallıq ondan
ibarətdir ki, Azərbaycan Avropa qitəsi üçün “xilas mənbəyi”nə, daha doğrusu “təhlükəsizlik kəməri”nə
çevrilib.
Münxen Təhlükəsizlik Konfransında ən böyük diqqət cəlb edən müzakirələrdən biri də heç
şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətlərinə dair idi. Hələ 3 il öncə “Kokeyşn büro” ilə yadda
qalan Paşinyanın bu dəfə də beynəlxalq ictimaiyyəti güldürəcək fikirləri ilə gündəmə gələcəyi
gözlənilirdi. Daha önəmli məsələ isə o idi ki, Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də ölkəmizin
mövqeyini qətiyyətli şəkildə müdafiə etdi, milli maraqlardan irəli gələn fikirlərini səsləndirdi. Bir daha
bütün dünya Laçın-Xankəndi yolunda blokada olmadığını başa düşdü, Ermənistanla olan münasibətlərin
normallaşdırılması üçün Azərbaycanın ədalətli mövqeyini eşitdi. Bir sözlə, Münxen Təhlükəsizlik
Konfransı bütün istiqamətlərdə Azərbaycan üçün əhəmiyyətli oldu və perspektiv addımların atılması
üçün əlverişli istinada çevrildi.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru


15:00 22.02.2023