

Azərbaycan siyasi rəhbərliyinin bu Konfransda iştirakı çoxsaylı yüksək səviyyəli görüşlərlə və
Cənubi Qafqaz bölgəsinin gələcəyi ilə bağlı mühüm müzakirələrlə yadda qaldı. Xüsusilə, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Şurasının Prezidenti, ATƏT-in Baş katibi,
ABŞ Dövlət katibi və İsrailin müdafiə naziri ilə görüşləri belə həssas bir zamanda Azərbaycanın
mövqeyini təqdim etmək və regionumuzda, eləcə də bütövlükdə Avropada təhlükəsizliyin təmin
olunmasında ölkəmizin atdığı addımlara dəstək qazanmaq baxımından olduqca önəmli hadisələrdir.
Konfransın gündəliyində Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə həsr olunmuş ayrıca
plenar iclasın keçirilməsi də Konfrans təşkilatçılarının bölgəmizdəki mövcud duruma olan marağının
göstəricisi sayıla bilər. Plenar iclasda ölkə rəhbərinin çıxışında Ermənistanla Azərbaycan arasında
münasibətlərin normallaşdırılması üçün Azərbaycanın irəli sürdüyü beynəlxalq hüququn normalarına
əsaslanan prinsiplər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Son iki il ərzində sülh
müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda Ermənistanın qeyri-müəyyən və qeyri-
konstruktiv mövqeyi ölkə rəhbərinin çıxışlarında öz tənqidini tapdı. ABŞ Dövlət katibinin iştirakı ilə
keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti tərəfindən Ermənistanla Azərbaycanın sərhəd
zolağında nəzarət-buraxılış məntəqəsinin açılmasının zəruriliyi vurğulandı və verilən şərhlərdən bu
təklifin siyasi təhlilçilər tərəfindən müsbət qarşılandığını demək olar.
Ölkə Prezidentinin bu təklifi ilə Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması
hər iki tərəfdən gömrük-nəzarət postlarının fəaliyyətə başlaması ilə şərtlənir ki, bu da öz novbəsində
Azərbaycan tərəfindən humanitar məqsədlərlə açılmış Laçın -Xankəndi yolunun Ermənistan tərəfindən
qeyri-qanuni istifadə hallarını aradan qaldıracaq. Belə bir vəziyyət Ermənistanın humanitar dəhlizlə
bağlı bütün manipuılyasiyalarına birdəfəlik son qoyacaq. Prezident İlham Əliyevin çıxışlarında son iki
ay ərzində Laçın – Xankəndi yolunda davam edən etiraz aksiyaları ilə bağlı Ermənistan siyasi
rəhbərliyinin Azərbaycana qarşı apardığı əks-təbliğat fəaliyyəti də ifşa olundu. Ermənistan rəhbərliyinin
bu məsələ ilə bağlı dünya birliyinə və siyasi liderlərinə yalan məlumatlar verdiyi üzə çıxarıldı.
Torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında qaldığını və nəhayət, Azərbaycanın öz gücünə
işğaldan azad edildiyini bir daha diqqətə çatdıran dövlətimizin başçısı mövcud beynəlxalq təhlükəsizlik
sisteminin səmərəsiz fəaliyyətini də tənqid etdi. Azərbaycanın öz torpaqları uğrunda apardığı
mübarizədə qalib gəldiyini qeyd edən Prezident İlham Əliyev bu qalibiyyətin qaynaqlarına toxunmağı
da unutmadı.
Ölkə Prezidenti bildirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç cür barışa bilməzdi və beynəlxalq
təşkilatların münaqişənin həllinə yardım etmədiyinə baxmayaraq xalq öz azadlıq mübarizəsini
qalibiyyətli sonluğa qədər davam etdirdi və işğalçı Ermənistan məğlubiyyət aktına imza atmağa məcbur
edildi. Azərbaycan Prezidentinin işğal faktı ilə bağlı səsləndirdiyi bir fikir isə təkcə Ermənistana deyil,
dünyanın istənilən bölgəsində işğalçılıq siyasəti yürüdən bütün dövlətlərə və siyasi liderlərə
ünvanlanmış sərt bir mesaj oldu
Konfrans çərçivəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və bu
istiqamətdə getdikcə dərinləşən strateji tərəfdaşlıq münasibətləri də ikitərəfli və çoxtərəfli görüşlərin
müzakirə mövzusu oldu. Prezident İlham Əliyevin Avropa İnvestisiya Bankının prezidenti, Almaniya
Şərqi Biznes Assossiasiyasının Baş icraçı direktoru, İtaliyanın “Leonardo” şirkətinin Baş icraçı direktoru
ilə görüşləri çox əhəmiyyətli idi və bu görüşlər ikitərəfli əməkdaşlıq gündəliyinin daha da
genişləndirilməsinə xidmət edir.
Münxen Təhlükəsizlik Konfransının mühüm bir hadisəsi isə Cənubi Qafqaz dövlətləri
rəhbərlərinin bir araya gəlməsi ilə bağlı oldu. Konfrans çərçivəsində Prezident İlham Əliyevin
Gürcüstanın və Ermənistanın baş nazirləri ilə üçtərəfli görüşü Cənubi Qafqaz bölgəsində regional
əməkdaşlığın canlandırılması istiqamətində atılan ilk addımdır. Demək olar ki, bütün siyasi təhlilçilər
artıq bu görüşü “tarixi hadisə” adlandırır və üçtərəfli görüşün bölgədə təhlükəsizliyin
möhkəmləndirilməsinə və daha səmərəli şəkildə təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyirlər.
Elburus Məmmədbəyov,
“Azərpambıq ASK” MMC-nin Sabirabad rayon filialının direktoru