

Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyinə verdiyi yeni töhfələrlə diqqət
mərkəzindədir. Hazırkı şəraitdə enerji təhlükəsizliyi məsələsi hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb
edir və dünya ölkələrinin ildən-ilə enerjiyə olan tələbatları artır.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının açılış
mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev enerji sahəsində əməkdaşlığa
dair dövlətimizin mövqeyini ortaya qoymuş və qeyd etmişdir ki, Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində öhdəliklərinə sadiqdir və münasibətlərin, əməkdaşlığın
möhkəmləndirilməsində maraqlıdır. Bu fikirlərin reallığını fevralın 13-də “Gülüstan” sarayında
müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük istilik elektrik stansiyasının təməlqoyma
mərasiminin keçirilməsi və orada Azərbaycanın ünvanına söylənilən xoş sözlər bir daha təsdiq edir.
İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı Azərbaycan-İtaliya münasibətlərinin daha da
möhkəmlənməsinə bir zəmanətdir və gələcək əməkdaşlığa yeni imkanlar yaradır. Əlaqələrin
genişləndirilməsi yalnız iki ölkənin maraqlarını deyil böyük bir regionun maraqlarını təmin edir.
Məlumdur ki, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılmışdır. TAP layihəsi hər
iki ölkə üçün mühüm əhəmiyyətlidir və dövlətlərin milli maraqlarına uyğundur. Digər tərəfdən Cənub
Qaz Dəhlizi İtaliya üçün yeni imkanlar açır və bu ölkəyə qədər uzanan boru kəmərindən bir neçə ölkə
faydalanacaqdır. Çıxışında Azərbaycan Prezidenti bildirmişdir ki, Avropanın yeni ehtiyaclarını nəzərə
alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən biz Avropa
məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki
dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir.
Göründüyü kimi ölkəmizin gücünə güc qataraq, enerji potensialını böyük dərəcədə artıracaq
nəhəng layihə Azərbaycanın enerji təhlükəsizliyinə yeni töhfəsi olacaq və dövlətimizin beynəlxalq
aləmdə nüfuzunun artması ilə bərabər, onun sürətlə inkişafına kömək edəcəkdir.
Rəfail Yunusov,
Sabirabad RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi-
mühəndisi