

Ölkəmiz energetika sahəsində yeni-yeni uğurlar qazanır. Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi və
dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsində bu gün ölkəmiz artıq bir çox xarici dövlətlərin də
enerji təminatında mühüm rol oynamağa başlamışdır.
Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji
təhlükəsizliyinin təminatına öz töhfələrini verir. Prezident İlham Əliyev fevralın 13-də “Gülüstan”
sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma
mərasimində bu məqamı diqqətə çatdırdı ki, stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik.
Təməlqoyma mərasimində İtaliyanın şirkətləri və “Made in Italy” naziri iştirak edib. Eyni zamanda,
Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcəkdir. Yəni, bu işlər xarici əməkdaşlıq
çərçivəsində görüləcəkdir.
Son illərdə ölkəmizdə energetika sahəsində atılan atılan addımlara nəzər salaq. 2022-ci ilin
yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat
gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa
edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Dövlət başçısı İlham Əliyev daim bu
çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir. Əsas
hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.
Təməli qoyulan İstilik Elektrik Stansiyasının açılışı 2025-ci ildə nəzərdə tutulub. Bu stansiyanın
işə düşməsi ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin
Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Hazırda Mingəçevir ölkənin
elektroenergetika sahəsində əsas şəhəridir. Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu
yaradılıb. Reallıq budur ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin
elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Bu stansiyanın təməlinin qoyulması ilə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, eyni
zamanda, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat
gücündə olan stansiya ölkəmizin potensialını daha da gücləndirəcək. Yeni elektrik stansiyası
Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Azərbaycan öz imkanlarından tam istifadə
edərək həm daxili tələbatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində
daha böyük addımlar atacaqdır. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu,
eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması onun etibarlı tərəfdaş kimi
mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Bu stansiyasının tikintisində İtaliya
şirkətinin iştirakı əməkdaşlığmızın hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır. Ümumilikdə
ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu əməkdaşlıq işğaldan azad edilmiş
ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham
Əliyev İtaliya şirkətlərinin bu işlərdə fəaliyyətini yüksək dəyərləndirir.
Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də böyük
əminliklə qeyd etməyə əsas verir ki, neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də
Avropa məkanına çatdırılacaq. Bu gün bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas
çağırışlardandır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Ölkəmizdə mövcud olan siyasi
sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə
zəngin təcrübə qazanan ölkəmizə artan maraq atılan addımlarda özünün aydın ifadəsini tapır.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru