

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qardaş ölkədə olduğu kimi, Azərbaycanda da
xalqın sonsuz kədər və sarsıntısına səbəb oldu. Azərbaycan Türkiyəli bacı və qardaşlarının üzləşdiyi
fəlakəti özünün faciəsi kimi qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi
hissləri son dərəcə dəqiqliklə ifadə edərək yazmışdır: “Kahramanmaraşda baş vermiş və qardaş
Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar
barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu
bildiririk”.
Artıq faciənin ilk günündə FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə
göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlamışlar. Zəlzələ baş
verdikdən sonra keçən iki gün ərzində cənab Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım
aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla
FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi,
xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin
modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar,
yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb.
Birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycam dövlətinin birbaşa nəzarəti altında həyata
keçirilən Türkiyəyə yardım kampaniyasının ən fəal iştitakçılarından biri sözsüz ki, Heydər Əliyev
Fondudur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə göndərilən humanitar yardıma dərman
preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım
boyunluqları, xərək, digər tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxil olub. Heç
şübhəsiz Heydər Əliyev Fondunun səyləri müstəsna əhəmiyyət kəsb edir. Zəlzələ qurbanlarına dəstək
məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən ilkin mərhələdə 36
ton humanitar yardım göndərilib. Bundan başqa yenə də Mehriban xanım Əliyevanın göstərişi əsasında
və Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev
Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampaniyasına start vermişdir. Eyni
zamanda da, paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarının sakinləri də qardaş Türkiyəyə dəstək
vermək üçün yardım aksiyasına qoşulublar.
Məlumat üçün bildiririk ki, “Qardaş ölkə Türkiyə Respublikasında baş vermiş təbii fəlakətlə
bağlı Sabirabaddan Bakıya yük avtomobili ilə yardım göndərilmişdir. Türkiyə xalqının kədəri bizim
kədərimizdir. Biz bu çətin gündə türkiyəli qardaşlarımızın yanında olmağı və onlara dəstək olmağı
özümüzə borc bilirik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə qardaşlığı
əbədidir. Bu humanitar yardımlar bundan sonra da davam edəcək. Başın sağ olsun, Türkiyə”.
Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri