

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık Elbistan rayonlarında baş
verən, sonra Malatya, Adana, Hatay və digər şəhərləri də əhatə edən zəlzələlər zamanı xeyli insan tələf
olmuş, yaralanmışdır. Hadisə baş verən bölgələrdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
tapşırığına əsasən ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm, zəlzələ baş verən 10 şəhərdə
3 aylıq fövqəladə vəziyyət elan olunub. Rəcəb Tayyib Ərdoğanın «əsrin fəlakəti» adlandırdığı zəlzələ
nəticəsində ağır vəziyyətdə olan insanlara dünyanın hər yerindən yardımlar göstərilsə də, ilk anlardan
qardaş köməyinə çatan Azərbaycan xalqı bir nəfər kimi səfərbərdir. Yaranan vəziyyəti həyəcansız
izləmək mümkün deyil. Torpaq altından çıxarılan bir insanın belə həyata qaytarılması fəlakəti öz ağrı-
acısı kimi yaşayan hər bir azərbaycanlını duyğulandırır, qəlbən sevindirir. Xüsusilə, uşaqların,
körpələrin ürək dağlayan vəziyyətini seyr edənlər göz yaşlarını saxlaya bilmirlər. Türkiyədə baş
verənləri geniş mənada bəşəriyyətin insanlıq qarşısında borcu, sınağı, xeyirlə şər, ölümlə yaşamaq istəyi
arasında mübarizə adlandırmaq daha uyğun olardı.
Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək
göstəriləcəyini bildirən Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək matəm
kitabına ürək sözlərini yazdı. Səfir Cahit Bağçı ilə söhbətində Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin
dərdinə şərik olduğunu, eyni kədəri yaşadığını bildirən dövlət başçımız İlham Əliyev zəlzələnin
dağıntılarının, acı fəsadlarının aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq
borcu adlandırmışdır: « Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu
dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın
dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə
telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və
bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir
və göndəriləcəkdir.»
Prezident İlham Əliyevin göstərişlərinə əsasən Azərbaycan xalqı qardaş Türkiyəyə dəstək olmaq
üçün kütləvi olaraq könüllü yardım kampaniyasına qoşulmuşdur. Hadisə yerinə ilk gələn və axtarış-
xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin
təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından
çıxarılmasında fəallıq göstərirlər. Nazirliyin qardaş ölkəyə humanitar yardım kimi ayırdığı, çadırlar,
qızdırıcılar, səhra hospitalı, ərzaq məhsulları, tibbi ləvazimat və preparatlar daha çox fövqəladə
vəziyyətin müşahidə olduğu bölgələrə göndərilmişdir. Türkiyə naminə səfərbər olan Azərbaycan xalqı
əlindən gələn qədər qardaşlarına hər vasitə ilə yardım göstərir. Daha çox ehtiyac duyulan yataq
dəstlərinə, isti geyimlərə, ərzaq məhsullarına, uşaqların ehtiyacı olan ləvazimatlara tələbatı nəzərə alan
azərbaycanlılar yardımlarını bu istiqamətdə təşkil edirlər. Bu kütləvilik iki qardaş arasındakı birlik və
həmrəyliyin nümunəsidir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir.
Qeyd edirik ki, Türkiyədə baş verən zəlzələ nəticəsində tələfatın və xəsarət alanların olması
ölkəmizin hər yerində hər yaşayış məntəqəsində olduğu kimi, Sabirabad sakinlərini də dərindən sarsıdıb.
Sabirabad Rayon İcra Hakimiyyəti də Türkiyədə zəlzələdən zərər çəkən insanlara humanitar yardım
aksiyasına qoşulub. RİH-in xətti ilə isti geyimlər, ərzaq məhsulları, gigiyenik vasitələr tədarük edilib.
Bütün dünya gördü ki, həmrəylik təkcə dövlətlərarası münasibətlər səviyyəsində deyil. İnsanlar
arasında da əsl qardaşlıq əlaqələri mövcuddur. Bu da təbiidir və ulularımızdan qalma «qardaş qardaşa əl
tutar» deyiminin təzahürüdür.
Leyla Fərəcova,
Sabirabad rayonu, Cavad bələdiyyəsinin üzvü