isaznow.com
Az Iw En Ru

Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar

Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq, dost ölkə anlayışlarından daha böyükdür.
Biz iki qardaş ölkəyik. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fikri həqiqətən də
reallıqdır.
Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni,
ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə
davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və
mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda
dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq
meyilləri olmayıb. Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar.
Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da dərin kədərlə qarşılandı. Bu faciəli
hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu. Prezident İlham
Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək Türkiyədə baş vermiş zəlzələ
nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin  Azərbaycanı çox sarsıtdığını bildirib.
Dövlət başçımız qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır,
Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının
ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması
ilə əlaqədar başsağlığı verib. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq
əlindən gələni edirlər. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. İctimai təşkilatlar da öz dəstəyini
əsirgəmirlər. Sabirabad sakinləri də Türkiyədə baş verən zəlzələdən ziyan çəkən qardaş və bacılarımıza
kömək məqsədilə yardım kampaniyasına qoşulublar. Təşkil olunmuş bir neçə yardım toplama
məntəqəsində rayon sakinləri qardaş ölkə üçün yardımlarını təqdim edirlər. Yardım aksiyasında
ictimaiyyətin nümayəndələri, fəal gənclər, iş adamları, idarə və müəssisələrin əmək kollektivləri aktiv
şəkildə iştirak edir. Hazırda yardım toplama aksiyası davam edir.
Soydaşlarımız bütün dünyaya bir daha nümayiş etdirdi ki, təkcə dövlətlərarası səviyyədə deyil,
dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Özəl
sektor və bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır.
Ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım
Əliyevanın təşkilatçılığı ilə artıq böyük təşəbbüsə start verilib. Fondun bütün imkanları, Fondun
nəzdində çalışan bütün insanlar qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Faciədən zərər
çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları,
onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar,
eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond
əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.
Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə
etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. Prezident
İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə
təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə
əvəzsiz töhfədir.
Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz,
həmrəyliyimiz heç vaxt sarsılmayacaq!
Famil Ağayev,
Sabirabad rayon sakini, fəal gənc


01:51 13.02.2023