

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu reallıq
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji
Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha səsləndirilib. İclaslarda Rumıniya
Prezidenti Klaus Yohannisin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan,
Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və
Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin
təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı,
dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.
Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni
zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və
qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti
həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının
maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər
ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi
yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının iştirakçılarına
nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır. Əsas
məqam Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək
imkanlarının geniş olmasından ibarətdir. “Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət
Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi
proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri
dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də
Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev çıxışında da
bildirdi ki, bizim təbii qaz ixracımız artır. Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun
coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq
görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa
biləcəyik.
Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin
genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni
əməkdaşlıqlara hazırdır.
Toplantıda Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi Azərbaycan öz təbii qazının
ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. Avropa
Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə vurğulayıb ki, Avropa İttifaqı və
Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər: “Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni
anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün
gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi”.
Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı, ölkəmizə siyasi
dividendlər də gətirir. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir.
Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirən
faktorlar sırasındadır.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi