

Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın
sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü
siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən
birinə çevrilib. Dost Rumıniyanın iqtisadiyyatı çoxvektorludur. Burada ayrı-ayrı infrastruktur
sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd
təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin geniş inkişaf
perspektivləri var. Təbii ki, bu perspektiv uzun illər ərzində formalaşan ənənələrə, iqtisadi potensiala
əsaslanır. Ölkədə yaradıcı əmək, bilik iqtisadiyyatı güclü şəkildə təşviq olunur. Azərbaycan-Rumıniya
əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin
orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş
mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə
ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11
dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş
Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19
iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın
Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi
təsis edilib. Prezident İlham Əliyev 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin
Azərbaycana səfəri zamanı verdiyi bəyanatda diqqətə çatdırdı ki, Rumıniya və Azərbaycan uzun illər
ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər.
Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və
qarşılıqlı səfərlər bunu bir daha göstərir. Cənab Prezident bildirdi ki, ticarət dövriyyəmizin
şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox
artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan
Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan
artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin
mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət
göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın
Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir.
Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya
imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan
Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti
olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu
artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji
istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb
edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Prioritet əməkdaşlıq
istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın
dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
Yeganə Cəbiyeva,
S.Vurğun adına 3 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi