

Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfərə
gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti
Klaus Yohannis ilə təkbətək və həmçinin geniş tərkibdə görüşü olub. Daha sonra hər iki ölkənin
rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır
və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya 1991-ci ildə
müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq
Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ
1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya
keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək
nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları
arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri
və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
Ötən illər ərzində hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri
xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz
Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və
Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib.
Rumıniyanın bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi
layihələrə dəstək verib. Eyni zamanda Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın
əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək
verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz
arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb.
Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da
Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Keçən ilin sonunda
Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək
əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Rumıniya Prezidentinin ölkəmizə
budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında
əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-
qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə
edəcək.
İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və
Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır və bu
imkanlardan geniş çəkildə istifadə edilərək iqtisadi mənfəət əldə edilməsi nəzərdə tutulub.
Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa
münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri