

Azərbaycan ilə dost və tərəfdaş Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərdə
qoyulub.Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə
qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi. Rumıniya Azərbaycanın dövlət
müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb.
Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə
olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir
sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza
yaratmışdır.
Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə
ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm
və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir.
Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol
oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur.
ARDNŞ Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən 70-dən çox yanacaqdoldurma məntəqəsi
açmışdır.
Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri baş
tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti
KlausYohannis mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya
Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında iki ölkə arasında strateji tərəfdaşlıq
əlaqələrinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.
Dövlət başçısı bildirib ki, “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq
əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və
həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək
səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”.
Azərbaycanın ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan,
Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji
tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi idi.
Görüş zamanı bu mövzuya da toxunan dövlət başçımız bildirmişdir: “Yaşıl enerji istiqaməti sahəsində
çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir
neçə ölkəni, iki dənizi birləşdirən layihədir”.
Prezident İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin
təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq
nüfuzunun təqdimatıdır.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru