isaznow.com
Az Iw En Ru

Azərbaycan-Macarıstan arasındakı əlaqələr dərin tarixi köklərə malikdir

Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan
Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə
Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir. Bunlar yanvarın 29-da Macarıstana
rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Macarıstan
Prezidenti xanım Katalin Novak və Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniştərkibli
görüşlərində xüsusi olaraq qeyd edilib.
Qeyd edilməlidir ki, iki xalq arasındakı əlaqələrin dərin tarixi köklərə malikdir. Hələ XV-XVII
əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari
münasibətlər mövcud olub. Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəniyyətinin ayrılmaz
bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Macarıstanın ölkəmizin dövlət müstəqilliyini ilk
tanıyan dövlətlərdən biri olması da təsadüfi deyil və iki xalq arasındakı dərin tarixi bağlara söykənir.
Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq
platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa
İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad
münasibətlərinin göstəricisi kimi dəyərləndirilməlidir.
Məlum olduğu kimi Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola
mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi (CQD) layihəsini
dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib. CQD-nin Məşvərət
Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət
nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan
münasibətini və təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığı inkişaf etdirməkdə nə dərəcədə
maraqlı olduğunu nümayiş etdirir.
Ölkə başçısı Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında qeyd edib ki,
“Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl
enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək”. Ötən ay
imzalanan sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdırılması məsələləri bir daha müzakirə
edilib. Fevralın 3-də  Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə iştirak edən ölkələr –
Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası
üzərində işləməyə başlayacaqlar. Bu işlər Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli
şəkildə təmin ediləcəkdir.
Görüşlər zamanı macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti
ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan
Macarıstanla birgə işləməkdə maraqlıdır.
Həmçinin bildirilib ki, bu gün 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış
tələbə təqaüdləri ilə Macarıstanda oxuyur. Bu, Azərbaycanda kadr potensialının yaradılması
istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir.
Görüş zamanı əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən
dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu
sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il
ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə
Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”.
Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin
genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm
əhəmiyyətə malikdir.   Ümidvarıq ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan
münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaqdır.
Murad Həsənli,
Sabirabad rayon Gənclər və idman idarəsinin baş məsləhəçisi


16:03 01.02.2023