isaznow.com
Az Iw En Ru

Azərbaycan və Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir

Yanvarın 29-da Prezident İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti
ilə bu ölkəyə rəsmi səfəri xüsusi əhəmiyyətə malikdir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək
səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın
gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın
iqtisadi və geostrateji üstünlüklərdən yaralanaraq əhatə imkanlarını daha da genişləndirdiyini deməyə
imkan verir.
Ötən ilin iyul ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula
Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun
imzalanması ölkəmiz üçün yeni imkanlara yol açıb. Müqaviləyə əsasən, ölkəmiz 2027-ci ilə qədər təbii
qazın təchizat həcmini ən azı iki dəfə artıracaq və bərpaolunan enerji sahəsində əməkdaşlığı daha da
inkişaf etdirəcək.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın
inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Macarıstan 191 ölkə arasında ümumi
daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə
qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük
ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması
ilə seçilir.
Bu gün ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və ikitərəfli münasibətlər
dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli
inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın
strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verir. Bu ölkə Cənub Qaz
Dəhlizi layihəsini dəstəkləyərək bu layihəyə qoşulmaqda maraqlıdır. Macarıstan həm də Avropanın
enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rol oynadığını daim təqdir edir. İki ölkə
arasında nəqliyyat, tranzit və logistika sahələrində də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ötən il bu
sahədə birgə Anlaşma Memorandumunun imzalanıb.
Macarıstanda keçirilən yüksəksəviyyəli görüş zamanı əməkdaşlıq üçün vacib sahələrdən birinin
minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ
müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina
təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya
da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün
yaxşı imkanlar görürük”. Qeyd edilməlidir ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə
minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25 min avro ianə edib.
Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının
hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Səfər çərçivəsində bir sıra ikitərəfli
sənədlər imzalanıb. Onların içərisində Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən
imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə
Bəyannamə xüsusi yer alıb.
Əminliklə demək mümkündür ki, Prezident İlham Əliyevin Macarıstana səfəri ikitərəfli əlaqələrə
öz müsbət təsirini göstərəcək, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaqdır.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


14:02 01.02.2023