isaznow.com
Az Iw En Ru

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, qalib ölkənin vətəndaşıdır

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə
qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc
nəslə diqqətin göstərilməsi  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdi. Məhz,
təsadüfi deyil ki, 2 fevral - Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır.
Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan
Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri
arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hətta, Azərbaycanda
Gənclər Günü təsis edildikdən xeyli sonra BMT Baş Məclisi Beynəlxalq Gənclər Gününü elan edib. Bu
fakt da bir daha sübut edir ki, Azərbaycanda gənclərə böyük diqqət və qayğı var, onların problemlərinin
həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verilir və bu siyasət müasir müstəqil
Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır və Prezident İlham
Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Prezident İlham Əliyevin
gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc
ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi
qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi
həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin
formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda, gənclərin mənəvi
inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların
problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün
yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə demək olar ki, Ulu
Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc
nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması,
milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata
keçirilir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və
noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Tarixi missiyanı həyata keçirən qəhrəman
gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Rəşadətli Azərbaycan
Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın
ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin
ərazi bütövlüyünü bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub.
Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan
xalqına bəxş ediblər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı
minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz
üçün qürur mənbəyidir.
Vüqar Kərimov,
Sabirabad rayonu Gənclər və idman idarəsinin rəis müavini


16:01 02.02.2023