

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslə
diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının
gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ümummilli Liderin 1994-cü il 26 iyul
tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı
imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait
yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını
müəyyən etmişdir. Dahi şəxsiyyət Heydər Əliyev daim bu çağırışı etmişdir ki, Azərbaycan gəncliyi
vətənpərvər, müasir dünyagörüşə malik gənclikdir. Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə
öyrətməyimizdən asılıdır.
Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi ulu öndər Heydər
Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider
bildirmişdir ki, hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək,
yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.
Son 19 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən
Prezident İlham Əliyev gənclərin milli ruhda tərbiyəsini qarşıya mühüm vəzifə kimi qoyur. Dövlət
başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə,
gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi
qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi
həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin
formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini
mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramları
qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə
ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf
Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük
Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham
Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Dövlət başçısı İlham Əliyevin
Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi “Mən
çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox
şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər
birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi
görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid
oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət
olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin
nəticələri necə ola bilərdi” fikirlər Azərbaycan gənclərinin keçdiyi inkişaf yolunun, onların Vətən,
torpaq sevgisinin aydın mənzərəsini yaradır.
Səbinə İsmayılova,
Sabirabad rayonu Güdəcühür köçkün qəsəbə klub-icma mərkəzinin müdiri